Sabir Rüstəmxanlı: “Azərbaycandakı təşkilatların dillə bağlı problemi var”

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Komissiyanın əksər üzvləri yenidən seçilsələr də, onlarla yanaşı kənarlaşdırılanlar da kifayət qədərdir.

Komissiyaya üzv seçilənlər arasında sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da var.

Bu münasibətlə sabiq millət vəkili Yenicag.az-la öz fikirlərini bölüşüb. O, bildirib ki, komissiyada baş tutan dəyişikliklər dillə bağlı olan bəzi nöqsanların, qanun pozuntularının həllində yaranan problemləri aradan qaldıracaq:

“1980-ci illərdə də dillə bağlı olan komissiyaların üzvü olmuşam. Yenidən Dövlət Dil Komissiyasına üzv seçildim. Dil Komissiyasının bu tərkibdə təşkili, tərkib heyətinin dəyişməsi birbaşa olaraq, cənab prezidentin əvvəlki siyasətinin davam etdirməsinin göstəricisidir. Həmçinin, komissiyanın statusunun yüksəlməsi Azərbaycan dilinə olan qayğının, onun qorunması yolunda həyata keçirilən dövlət siyasətinin gözəl nümunəsidir.
Bildiyimiz kimi mətbuatda tez-tez Azərbaycan dilinin təşkili, terminologiya məsələlərinin həlli, mətbuatın dili haqqında müzakirələr gedir. Bu komissiyanın yaranmasının əsas səbəblərindən biri məhz həmin müzakirələrin nəticəsidir. Ümid edirəm ki, birbaşa olaraq prezident İlham Əliyevin sədrliyi ilə baş tutan komissiyada dillə bağlı olan bütün problemlər öz həllini tapacaq.

Bugünkü gündə sovet dönəmindəki kimi dövlət dilinin sıxışdırılması, onun məclislərdən uzaqlaşdırılması kimi problemlər yoxdur. Amma bununla bərabər müəyyən təşkilatların, qurumların dillə bağlı yaratdığı bəzi problemlər var ki, onlar daimi olaraq nəzarət altında saxlanmalıdır. Bunun üçün də bizim dillə bağlı qanunumuz var. Düşünürəm ki, bu qanunun işlək halda olması bəzi problemlərin həllində öz təsdiqini tapacaq”.

Sabiq millət vəkili həmçinin, komissiyadan bəzi şəxslərin kənarlaşdırılması mövzusuna da aydınlıq gətirib:

“Əgər dəyişdirilibsə, demək ki, belə olmağı məsləhət görülüb. Çıxarılanlarla bağlı deyə bilərəm ki, belə komissiyalar adətən, vəzifəyə görə təyin olunur. Əgər bu komissiya ilə bağlı olan hər hansısa bir təşkilat, idarə və qurum varsa, həmin yerlərin rəhbərləri təyin olunur. Müstəsna hal kimi vəzifəsi olmayan və bu işlə əlaqədar şəxslər bu cür komissiyalara üzv təyin edilir. Ona görə də kimisə çıxarılıb, yaxud təyin olunması ciddi narahatlıq yaradan proses deyil”.

Elvin Paşazadə

COP29