Sabir Rüstəmxanlıdan Arif Rəhimzadəyə cavab: “Bu milli dövlətçiliyimizə xəyanətdir”

“Millətimizin qanını içmiş kommunistlərin adının qorunub saxlanılması istiqamətində aparılan təbliğat çox yersizdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

O, kommunistlərin adlarının qorunub saxlanmasına dair səslənən fikirlərin gülünc olduğunu bildirib:
“Azərbaycan milli hökumətini, Azərbaycan Cümhuriyyətini kommunistlər qurmayıblar, əksinə, işğal ediblər. Düzdür, kommunistlər gələndən sonra dövlətçilik yaşadı, Sovetlərin daxilində Cümhuriyyətin sərhədləri qismən də olsa, saxlanıldı. Ancaq XI Ordu 1920-ci ilin aprelində Azərbaycanı işğal edəndə, cəmi bir ilin ərzində 48 min insanı – xalqın ən ləyaqətli insanlarını, düşünən beyinlərini məhv etdi.

Yalamadan başlayaraq, ölkə ərazisində uşaq, qadın, qoca bilmədən insanları gülləbaran etdilər, yaşayış məntəqələrini viran qoydular. Onlar sanki cəmi 2 il mövcud olmuş Cümhuriyyətin qısasını alırdılar. Bu qırğınlarda ermənilərin xüsusi rolu olub.

Qeyd edim ki, Milli Azadlıq Hərəkatının yenidən vüsət aldığı ötən əsrin 80-ci illərinin sonlarına qədər ermənilər istər Azərbaycanda, istərsə də Moskvada ciddi söz sahibi olublar və bundan da xalqımıza qarşı yetərincə istifadə ediblər. Məhz onların fitvası ilə Azərbaycanda saysız faciələr törədilib. XX əsrin 20-ci illərində, 37-38-ci illərdə millətimizin ziyalı potensialı, yüz minlərlə savadlı insanı repressiyaların qurbanı oldu.

Təsəvvür edin, kommunistlər öncə müsavatçıları, sonra millətçiləri, Cümhuriyyət tərəfdarlarını, ardınca isə öz əqidə yoldaşlarını məhv edirdilər. Yəni Leninin başladığı qanlı yolu Stalin davam etdirirdi. Bununla da onlar öz cinayətlərini ört-basdır etməyə çalışırdılar. Bu baxımdan, Azərbaycan kommunistlərinə bəraət qazandırmaq cəhdləri gülünc hərəkətlərdir və tarixdən xəbərsizlikdir.

Doğrudur, komministlərin də hamısına bir gözlə baxmaq olmaz. Onların arasında Nəriman Nərimanov kimi fərqli düşünən, milli əqidəli şəxslər də olub. Nərimanov məhz bu fərqli düçüncəsinə görə Moskvada aradan götürüldü.
Ancaq bu millətin qanını içmiş kommunistlərin adının qorunub saxlanılması istiqamətində aparılan təbliğat çox yersizdir. Ümumiyyətlə, mən heç bir məsələdə ifratçılığın, kütləvi inkarçılığın və ya kütləvi təqdirin tərəfdarı deyiləm”.

Sabir Rüstəmxanlının fikrincə, ölkədə müxtəlif səviyyələrdə milli dəyərlərə qarşı çıxışlar konkret amillərdən qaynaqlanır:

“Mən Milli Məclisdəki çıxışlarımda bu barədə çox danışmışam, dəfələrlə yazmışam, əgər hazırda ölkədə bu qədər rus məktəbi fəaliyyət göstərirsə… Bir çoxları öz uşaqlarını rus məktəblərində oxutmaqla, sanki cəmiyyətə mesaj verirlər…

Onlar yəqin ki uşaqlarını böyüyəndən sonra elə Rusiyaya göndərəcəklər. Çünki rus məktəbində oxuyanların əksəriyyəti doğma dilini bilmir. Belə olduqda onların bu ölkədə işləmələri də mümkün olmur. Rus məktəbini bitirmiş tanınmış yazarlarımızdan biri danışırdı ki, orta məktəbi qurtarana qədər Nəsimini, Füzulini tanımayıb, tariximizdən xəbərsiz olub, çünki öyrətməyiblər. Elə indiki dövr də fərqli deyil. Bununla öz kökündən qopan bir nəsil formalaşdırılırsa, deməli, onları Rusiya üçün yetişdirirlər.

Rusiya üçün darıxan, o dönəmin naz-nemətlərini görən, layiq olmadıqları halda yüksək vəzifələrə təyin olunan adamlar var ki, onlar həmin ab-havanı indi də Azərbaycana qaytarmaq istəyirlər. Bu, tariximizə, milli dövlətçiliyimizə xəyanətdir və buna yol vermək olmaz. Rusiya qonşumuzdur, onunla yaxşı münasibətlər olmalıdır. Ancaq bu, yenidən Rusiyanın qucağına qayıtmaq demək deyil”.

Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə yaşayış məntəqələrindən kommunistlərin adlarının götürülməsinə narazılığını bildirib:

“Bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünki onların adı verilməsəydi, hansısa erməninin adı veriləcəkdi. Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik?
Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq sovet dövründə Xanlar adlı bölgə, kənd adları olub. İndi o, kommunist olduğu üçün adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada Çəmənli sözü işlədildi. Biri mənə izah etsin ki, Çəmənli olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.

A.Zeynalov