Sabir Rüstəmxanlıdan Baş nazirə MÜRACİƏT: “Güneyli tələbələrə dəstək tarixi borcumuzdur”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycandan olan tələbələrin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə millət vəkili Güney Azərbaycandan olan tələbələrin Azərbaycan Respublikasında ali təhsil almalarının əhəmiyyətinə diqqət ayıraraq, dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsilin yalnız Azərbaycan Respublikasında mövcudluğunu diqqətə çatdırıb:

“Güney Azərbaycandan olan gənclərimiz ali təhsil almaq üçün Azərbaycan Respublikasına üz tuturlar. Onların Azərbaycan universitetlərində təhsil alması, sadəcə öyrənmək məqsədi daşımır, həm də mədəniyyətimizi qorumaq üçündür. Nəzərə alsaq ki, Güney Azərbaycanlılar yaşadıqları ölkədə öz dil, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil ala bilmirlər, buna imkanları yoxdur, o zaman bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olur”.

Sabir Rüstəmxanlı Baş nazirə müraciətində Güneydən olan tələbə soydaşlarımızın problemlərini də göstərib. O, bildirib ki, Azərbaycan Respublikasının güneyli tələbələr üçün ali təhsil şərtlərinə güzəşt etməsi vacibdir:

“Son illərdə Azərbaycan universitetlərində təhsil alan Güney azərbaycanlı tələbələrin bir çoxu təhsillərini yarımçıq qoyub, geri dönürlər. Bunun da əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyərdən düşməsi nəticəsində təhsil haqlarını ödəyə bilməmələridir. Azərbaycan Respublikasında təhsil alan güneyli tələbələrin problemlərinə dövlət səviyyəsində diqqət göstərilməli və onlar təhsil haqlarından azad edilməlidirlər. Bu xalqımızın gələcəyi ilə bağlı çox böyük milli məsələdir və bu işə dövlətimizin dəstəyi bizim tarixi borcumuzdur”.