“Lider dediklərimiz meydanda yoxkən, Sabir Rüstəmxanlı…” – 72-ci aşırım

Bu gün Sabir Rüstəmxanlının dünyaya gəlməsindən 72 il ötür.

Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub.

1978-ci ildən “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub.

Sabir Rüstəmxanlı milli azadlıq hərəkatının liderlərindən biridir.

Xalq şairinin doğum günü ilə əlaqədar qələm yoldaşı Aqil Abbas bu fikirləri səsləndirib:

“Sabir Rüstəmxanlı Azərbaycanın görkəmli şairlərindəndir. O həm də Azərbaycanın görkəmli şəxsiyyətlərindən biridir. Şair də olmaq olar, şəxsiyyət də, ancaq bunun ikisi bir yerdə çox az adamda olur. Sabir Rüstəmli milli azadlıq hərəkatının öncüllərindən olub. O, gənc yazarlara hələ sovet dövründən diqqət göstərən, onların kitablarının çapına kömək edən bir şəxsiyyətdir. Sabir Rüstəmxanlı Aqil Abbasın ilk kitabının çap olunmasında Əjdər Xanbabayevlə bir yerdə köməklik edib. O, mənim ilk “Evləri köndələn yar” kitabımı çap etdirən bir kişidir. Sabir Rüstəmxanlı həm də mənim ailəvi dostumdur”.

Sabir Rüstəmxanlının doğum gününü Xızıdan təbrik edən keçmiş təhsil naziri Firudin Cəlilov isə bildirib ki, Sabir Rüstəmxanlı milli azadlıq hərəkatının canlı əfsanəsidir:

“Bunu kim bilməsə də, mən bilirəm. Çünki 30-40 il bu xətlə bərabər gedirik. Liderlərindən biri deməyə də dilim gəlmir, liderdir. Hələ sonrakı lider kimi tanıtdığımız adamlar meydanda yoxkən, Sabir Rüstəmxanlının milli azadlıq hərəkatı, milli tarix, türkçülüklə bağlı yazıları, şeirləri, kitabları gündəmdə idi. 1988-ci ildə 1 milyon nümayişçinin qarşısına çıxıb söz demək üçün o, müəyyən illəri ötüb gəlmişdi. Meydana gələnlər Sabir Rüstəmxanlının “Ömür kitabı”nı oxuyub gəlmişdilər. Bu mənada, Sabir bəyin ad gününü təbrik edirəm, milli azadlıq hərəkatında gördüyü işləri bir daha soydaşlarımıza çatdırmaq istəyirəm. Can sağlığı arzu edirəm, qələmi təpərli olsun, günləri xoş olsun”.

Ailə dostu, xeyriyyəçi Məlahət Qurbanova da Sabir Rüstəmxanlı haqqında xoş sözlər deyərək onu təbrik edib:

“Sabir bəyin dünyaya gəlişini türk dünyası qeyd etməlidir. Çünki o, türk dünyasının dəyərli şəxsiyyətlərindən biridir. Sabir bəyə dəyər vermək üçün heç olmasa insan ən azı bir dəfə onun yanından keçmiş olsun. Dəfələrlə onunla həmsöhbət olmuşam. Onu qardaşım qədər istəyirəm, o da mənə bacısı qədər hörmət edir.

Sabir bəy xalqın sevimlisidir.  O, xalq şairidir. Ola bilər ki, kimsə xalq şairi olar, ancaq xalq onu qəbul etməz. Sabir bəyə xalq dəyər verir. 2 il bundan öncə Türkiyədə, İstanbul Böyük Bələdiyyəsi Sabir bəyin 70 illik yubleyini keçirdi. Mən də orada iştirak edirdim. Orada gördük ki, Sabir bəyə olan məhəbbət türk dünyasını coşdurmuşdu. 2 mindən çox adam tutan zalda ayaq qoymağa yer yox idi. Bir o qədər insan da küçələrdə idi.

Düzdür, biz insanlara sağlığında qiymət verə bilmirik. Allah Sabir bəyi o qədər yaşatsın ki, onun bütün arzuları həyata keçsin”.

“Yeni Çağ” kollektivi də dəyərli şairimizə ünvanlanan təbriklərə qoşulur!

 

COP29