Sabir Rüstəmxanlının İran liderinə 14 il əvvəl yazdığı MƏKTUB: “Ölkədə türklərə qarşı aparılan bu irticaçı siyasətə…” – AKTUAL
“İran İslam Respublikası türklərin 6-7 min illik vətənidir, torpaqları qanımızla yoğrulmuş bir yurddur”.
Yenicag.az son dövrlərdə İranın Azərbaycan əleyhinə fəaliyyətini gücləndirməsi və fars-molla rejiminin ölkəmizə qarşı təhdidləri artırması fonunda aktuallığını qoruyub saxlayan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının İranın ali dini lideri Seyid Əli Xameneyiyə 2008-ci ildə yazdığı geniş məktubu yenidən gün işığına çıxarır.
Sabir Rüstəmxanlı məktubun girişində özünün və Xameneyinin artıq müdriklik yaşında olduğunu vurulayaraq, ömrün bu çağında həqiqətləri söyləməkdən çəkinmək üçün səbəb olmadığını yazıb:
“Ömrün elə yaşı gəlir ki, insan özündən vəzifəcə yuxarıdakıların, ona hökm edənin heç birini görmür, başının üstündə tac-taxtlar, prezident mövqeləri olsa da, nə hökmdar qəzəbinin, nə cəllad qılıncının heç bir mənası qalmır, dünyanın bir-birindən o qədər də çox fərqlənməyən varıyla yoxunun, ağalıqla qulluğun fövqündə olan Böyük Yaradanla üz-üzə olduğunu görür, ona qovuşmağa hazırlaşır.
Bizim belə bir yaşımızdır! Bu dünyadan çox, Allah qarşısında verəcəyimiz hesabatı düşünməliyik”.
Müəllif daha sonra yüksək vəzifə tutduğu dönəmdə İrana səfəri və Xameneyi ilə keçirdiyi görüşü xatırladıb:
“Mən Azərbaycan Respublikasının mətbuat və informasiya naziri olanda gənc dövlətimizin ilk rəsmi nümayəndələrindən biri kimi böyük Şəhriyarın yubileyi və Tehran Beynəlxalq Kitab Sərgisinə gəlişimdə Sizinlə üç dəfə görüşmüş, Bakıda azəri türkcəsində buraxdığımız dəyərli “Hünər” kitabınıza ön söz yazmışam. Aradan xeyli vaxt keçib, bunlar yadınızda qalmaz.
Şəhriyarın yubileyində iqamətgahınızda bizi qəbul edərkən, “Mən də türkəm, istəyirsiniz türkcə danışaq, istəyirsiniz farsca” – söyləmiş, sonra Şəhriyarın “Heydərbabaya salam”ından əzbər parçalar demişdiniz. Ana dilimizdə dediyiniz bir neçə cümlə və söylədiyiniz şeir bəndləri qonaqlarınıza böyük hədiyyəniz idi. Şükür, Tehranda, Təbrizdə, Urmiyada, Həmədanda türkcənin həsrətini çəkmirik, ancaq yüksək rəsmi dairədə dinlədiyimiz bu sözlər ölkə haqqında təsəvvürlərimizi dəyişirdi”.
Xalq şairi məktubun davamında İranı türklərin qədim yurdu adlandıraraq, ölkənin hazırda sadəcə, farsların vətəninə çevrildiyini diqqətə çatdırıb:
“İran İslam Respublikası türklərin 6-7 min illik vətənidir. Torpaqları qanımızla yoğrulmuş bir yurddur. Ancaq bu gün İran onun bir küncündən baş qaldırmış farsların vətəninə çevrilib, xəritələrdə “Persiya” sözünü bütün İran boyu yazırlar. Halbuki fars vilayətinin sərhədi məlumdur. Azərbaycan ərazilərindən tapılmış misilsiz mədəniyyət nümunələrini dünyaya farsın malı kimi təqdim edirlər”.
Sabir Rüstəmxanlı daha sonra İranda aparılan farslaşdırma siyasətinin türklər üçün qəbuledilməzliyini, klassik fars ədəbi nümunələrinin beyinlərə zəhər doldurduğunu, buna qarşı mübarizə apardığını vurğulayıb:
“Mən millətimin söz əsgəriyəm və bu mənada yazdıqlarımı dahi söz generallarının yüz illər boyu bizim beynimizə zorla yeridilmiş “Gülüstan”larından öz xalqım üçün daha dəyərli sayıram. Çünki mənim millətimin bu gün o “şəkər dilə” ehtiyacı yoxdur. O əsərlər yüz illərlə beynimizə zəhər doldurub; o fəlsəfə və dünyagörüşü bu gün mənə muzey əşyası təsiri bağışlayır. Qiyməti milyardlarla ölçülsə belə, mənim millətimin yarasına əlac eləmir. Ancaq mən xalqımın dərdinə dərman axtarıram”.
Müəllif bu qeydlərin ardınca irticaya və zülmə boyun əyməyi təlqin edən, bununla müqəddəs “Quran”a zidd davranışa yönləndirməyə cəhd göstərənlərin bu əmələ görə mütləq cavab verəcəklərini yazıb:
“İslam dünyasının bu günə qalmasında günahkar olanlardan bir qismi də elə monarxiyanı, hökmdarları öyən, onlara itaətkarlığı bir xoşbəxtlik sayan, hətta lazım gələndə onun yolunda namusundan keçməyi təlqin edən, dünyanın padşahlara qulluq göstərməklə düzələcəyinə inanan və inandıran, Qurana zidd olaraq zülmlə barışmağı təbliğ edən, susmaq və boyun əymək əxlaqını tərənnüm edən bu kimi əsərlər yüz illər boyu Şərq ictimai fikrinin özəyinə çevrilmiş, məktəblərimizin əlifbası olmuşdur. Bu baxımdan, o kitabları yazanlar da, təbliğ edənlər də axirət günündə Allah qarşısında cavab verməli olacaq”.
Sabir Rüstəmxanlı daha sonra Xameneyidən İranda əhalinin yarıdan çoxunu təşkil edən türklərə qarşı yürüdülən siyasətə görə hesabat tələb edib:
“Siz Allahın altında baş verən hadisələrə həm dini, həm dünyəvi dəyərlər baxımından qiymət verməyi bacaran bir insansınız, buna görə də ölkənizdə bizim soydaşlarımız, qardaşlarımız olan türklərə münasibətin insanlığa, “Quran”a-kitaba, beynəlxalq hüquq normalarına, insan haqlarına sığmadığını bilməmiş deyilsiniz. Elə isə, İran əhalisinin yarıdan çoxunu təşkil edən, bu torpaqların əzəli sakinləri olan, bu yerlərdə farslardan da çox-çox əvvəldən məskunlaşmış, yüz illər boyu bu ərazidə müxtəlif dövlətlər qurmuş, dünyada İranın adıyla tanınan mədəni-mənəvi dəyərlərin yaradılmasında əvəzsiz xidmətləri olmuş bir xalqa bu qeyri-insani münasibəti nə ilə izah edə bilərsiniz?”
Xalq şahiri məktubun yekununda İran liderinə tarixi ibrətləri xatırladaraq, ondan türklərə qarşı aparılan yoxetmə siyasətinə son qoyulmasını tələb edib:
“Hörmətli cənab Xameneyi!
Biz, Dünya Azərbaycanlıları Konqresi İrandakı qardaş və bacılarımızın taleyinə heç cür biganə qala bilmərik. Haqlarımızı tələb etməyimiz bizim İrana qarşı düşmənçiliyimiz demək deyil. Biz hər cür müharibəyə və terrorizmə qarşıyıq. Ancaq öz xalqlarının haqlarını tanımayan dövlət mütləq dağılmağa və parçalanmağa məhkumdur. Dünyanın nəhəng güclərindən, nüvə dövlətlərindən biri və ən böyüyü olan SSRİ-nin və Yuqoslaviyanın taleyi buna sübutdur.
İranda ana dili uğrunda mübarizədə və türklərin təhqirinə qarşı ayaqlanmada onlarla günahsız qardaşımızın həbsi hər bir azərbaycanlını ciddi şəkildə narahat edir. Ölkədə türklərə qarşı aparılan bu irticaçı siyasətə son qoyulmalıdır! Haqq nazilər, amma üzülməz! Səttarxanı, Xiyabanini, Seyid Cəfər Pişəvərini, Şəhriyarı yetişdirən millət ölməyib!
Bu millətdən və Allahdan qorxun!”