Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olunur.
Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Yenicag.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar iştirak edirlər. Baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, İsa Həbibbəyli, Mirkazım Seyidov, Elmira Axundova, Jalə Əliyeva, İstanbul Böyük Şəhər bələdiyyəsinin Mədəniyyət Müşavirliyindən Özcan Ünlü, Müsavat Partiyasının sədri Arif Hacılı, İsa Qəmbər və digərləri də qonaqlar arasındadır.
Qeyd edək ki, şairin yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşanıb. Teatrın hər üç mərtəbəsinin dolduğu, gələn yüzlərlə qonağın isə yer olmadığından geri qayıtdığı bildirilir. (Bu səbəbdən də, tədbirin sonunda çıxış edən Sabir Rüstəmxanlı sözünə yer olmadığı üçün teatra buraxılmayanlardan üzr istəyərək başladı.)
***
Açılış nitqi ilə çıxış edən Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi tədbirdə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi.
İstanbul Böyük Şəhər bələdiyyəsinin Mədəniyyət Müşavirliyini təmsil edən, şair Özcan Ünlü, Tatarıstanın xalq şairi Robert Milnuri, “Xudojestvennaya literatura” nəşriyyatının direktoru Georgi Pryaxun və başqaları S. Rüstəmxanlının Azərbaycanın və türk dünyasının ictimai və ədəbi həyatında oynadığı roldan danışıblar.
“Yeni Müsavat”a danışan baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırıb.
Səhnədə çıxış edənlər Sabir Rüstəmxanlının fəaliyyətindən bəhs ediblər.
Yubiley mərasimində S. Rüstəmxanlının sözlərinə yazın mahnılar ifa olunub, şeirləri səsləndirilib.
S. Rüstəmxanlı tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib, 70 illik həyatında insanların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini qeyd edib:”Bu günlərdə Azərbaycan mətbuatında mənim haqqımda çoxsaylı yazılar yazılıb və bu yazıların heç biri saxta, boğazdan yuxarı deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur. Bu tədbirdə bütün türk dünyasından qonaqlar iştirak edir. Əziyyət çəkib gələn, məni qiymətləndirən hər kəsə minnətdarlığımı bildirirəm”.