Sabirabadda üzərinə gübrə məhlulu tökülmüş mühafizəçi iki həftə sonra öldü – RƏSMİ

Sabirabadda istehsalat məntəqəsində mühafizəçinin xəsarət aldıqdan bir neçə gün sonra ölməsi faktına dair cinayət işi başlanılıb.

Bu barədə Yenicag.az-a rayon prokurorluğundan məlumat veriib.

Belə ki, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

COP29