Sabit Bağırov: “Belə çıxır ki, dövlət qurumları vətəndaşın hesabına özəl sahibkarlıq subyektlərini dəstəkləyirlər ” – VİDEO

“İcbari Sığorta Bürosunun bu və ya digər sığorta qiymətini təyin etmək səlahiyyəti yoxdur”

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlərdə xüsusilə aktuallaşan və cəmiyyətdə birmənalı qarşılanmayan daşınmaz əmlakın icbari sığortası məsələsinə münasibət bildirən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyib.

Sabit Bağırovun sözlərinə görə, qanunvericilikdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı hər hansı tələb mövcud deyil:

“İcbari sığorta məbləğinin 50 manat səviyyəsində müəyyənləşdirilməsinin müəllifi kimdir? Nazirlər Kabineti? Düşünmürəm. Çünki dövlət tərəfindən tənzimlənən mal və xidmətlər tarifləri siyahısında bu, yoxdur və olmamalıdır.

Bu 50 manat “Kartel” razılaşmasını xatırladır. Belə çıxır ki, sığorta şirkətləri yığışıb, məsləhətləşib bu qiyməti öz aralarında razılaşdırıblar və İcbari Sığorta Bürosu vasitəsi ilə ortaya çıxarıblar.

Həmin Büro isə dövlət qurumu deyil, Maliyyə Nazirliyinin təşəbbüsü ilə sığorta şirkətlərinin yaratdığı bir qurumdur. Yəni biznes-assosiasiya kimi bir qurumdur. Təbii ki, o Büronun bu və ya digər sığorta qiymətini təyin etmək səlahiyyəti yoxdur. Amma bunu edibsə, bəlkə icra hakimiyyətində kiminsə şifahi dəstəyi ilə edib.

Sığorta özlüyündə bazar iqtisadiyyatının vacib alətlərindən biridir. Bu, bazar iqtisadiyyatının oturuşduğu bütün ölkələrdə geniş yayılmış bir mexanizmdir. Bazar iqtisadiyyatı şəraitində sığorta şirkətləri arasında rəqabət mühiti təmin edilməlidir. Dövlət, bax, buna məsuliyyətlidir.

Daşınmaz əmlakın sığortası könüllü şəkildə həyata keçirilməlidir. Dövlət, yəni qanunvericilik və icra hakimiyyətləri vətəndaşları və digər iqtisadi subyektləri daşınmaz əmlakın sığortasına dəvət edərək, sadəcə, təşviqedici mexanizmləri tətbiq etməlidir”.

Gülşən Şərif