!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sabunçunun icra başçısı məni bir dəfə də qəbul edib dinləmir ki…” - Övladını itirən tənha ananın ŞİKAYƏTİ

!Reklam – Yazi

“Ona görə icra hakimiyyətinə gedirəm ki, heç olmasa, balaca bir yer versinlər mənə, yaşayım orada”.

Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən problemlərinin dinlənilməməsi və icra hakimiyyəti başçısının qəbuluna düşə bilməməsi ilə bağlı redaksiyamıza şikayət edən Göyçək Abdullayeva dözülməz həyat şəraitində yaşadığını bildirib.

Yenicag.az xəbər verir ki, Göyçək Abdullayevanın oğlu döyüş bölgəsində hərbi xidmətdə olarkən ayağını itirib, 2007-ci ildə isə onu maşın vuraraq öldürüb. Övladını itirdikdən sonra tək yaşayan Göyçək Abdullayeva 21 ildir ki, həyatla mübarizə apardığını deyir:

“Mənim bir oğlum var idi, 1999-cu ildə hərbi xidmətə gedən oğlumu əvvəl Tovuzun Öysüzlü kəndinə, sonra da başqa bir yerə göndərdilər. Bilmirəm, orada nə oldu-nə olmadı, bizi Gəncə hospitalına çağırdılar ki, oğlunuz güllə yarası alıb. Sonra məlum oldu ki, onun ayağını ambutasiya ediblər. Heç bir məlumat vermədilər bizə. Avam idik, heç nə edə bilmədik.

Bundan sonra, 2000-ci ildə bizə protez üçün kağız verdilər, Bakıya gəldik. Oğluma protez düzəltdilər. Ondan sonra qərar verdik ki, ana-bala elə burada ev kirayə tutub qalaq. Oğlum orada-burada protezlə işləyirdi. 2007-ci ildə isə oğlumu yolun kənarında maşın vurdu. Həftələrlə onu axtardım, axırda Sabunçu polisindən dedilər ki, morqda əlil bir oğlanın meyidi var. Oğlum imiş”.

Oğlunun ölümündən sonra müxtəlif işlərlə məşğul olduğunu deyən şikayətçi koronavirus pandemiyası səbəbindən artıq heç bir gəlir yerinin olmadığını bildirir:

“Ondan sonra mən camaatın qapısında işləməyə başladım. Birtəhər başımı saxlayırdım. Pandemiya ortalığa düşəndən sonra isə heç kim qapısına adam qoymadı, qaldım əlacsız. Oğlum öləndən sonra ev sahibi sağ olsun, məni evdən çıxartmadı. Ancaq belə də olmur axı… Günlərlə ac qaldığım vaxtlar olur. Nə qədər onun-bunun insafına sığınıb yaşamaq olar?”

Sabunçu rayon icra hakimiyyəti başçısının qəbuluna düşməyə çalışsa da, buna nail olmadığını deyən Göyçək Abdullayeva onun problemlərinə etinasız yanaşıldığını bildirir:

“Ona görə icra hakimiyyətinə gedirəm ki, heç olmasa, balaca bir yer versinlər mənə, yaşayım orada. Heç nəyim yoxdur, yaşlı adamam, şəkərim var. Ancaq heç cür icra başçısının qəbuluna düşə bilmirəm. Dəfələrlə icra hakimiyyətinə getməyimə baxmayaraq, başçı bir dəfə də demir ki, qoy bu xanımı qəbul edim, görək nə deyir, istəyi nədir. Elə hey deyirlər ki, başçı burada yoxdur, işi var-filan”.

Göyçək Abdullayevanın şikayəti ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, mövcud pandemiya isəbəbindən icra başçısı tərəfindən vətəndaşların qəbulu onlayn qaydada həyata keçirilir:

“Xanım əgər onlayn qaydada başçı ilə görüşmə istəyi ilə bizə müraciət etsə, bu, canla-başla yerinə yetirilər. Vətəndaşın ev tələbi ilə bağlı isə onu deyə bilərik ki, bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Vətəndaş bunun üçün müvafiq nazirliyə müraciət etməlidir”.

Aqil Bəkir

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv