Azərbaycan müstəqillik qazananda təkcə işğalla yox, həm də terrorla üz-üzə olub.
Azərbaycan tarixində xeyli sayda sui-qəsdlər, metro terroru, ADNA terroru baş verib. Bundan əlavə, Azərbaycana qarşı “Sadval” terror təşkilatı da fəaliyyət göstərib. Düzdür, rəsmi Bakı “Sadval”ın artıq fəaliyyətinin dayandırıldığını desə də, gerçəkdə bu ideologiyada olanların varlığı heç kimə sirr deyil. Hətta onların özlərinin müəyyən qrupların daxilində təlimlərə cəlb edilməsi barədə də informasiyalar var. Bundan əlavə “Meşə qardaşları”nın fəaliyyətini də unutmaq olmaz. İllər öncə Azərbaycan dövləti adıgedən təşkilata qarşı genişmiqyaslı əməliyyat həyata keçirdi, təşkilatın əsas dayaqları sıradan çıxarıldı. Ancaq ideologiyaya əsaslanan təşkilatların tamamilə məhv olması mümkünsüzdür. Bu tip ideologiyaların daşıyıcıları müəyyən müddət sonra yenidən hərəkətə keçə bilər.
Maraqlı bir məqam ondan ibarətdir ki, Azərbaycanda terror və terror qrupları şimaldan “ilhamlanır”. Qusar rayonu isə daim ocaq kimi görünür. Hesab edirəm ki, ADNA terroru birbaşa Rusiya ilə əlaqəli idi. “Sadval”, “Meşə “qardaşları” və digər terrorçu dəstələrin arxasında birbaşa Rusiyanın özünün olub-olmadığını demək çətin olsa da, Rusiya ərazisinə bağlı olduqlarını deyə bilərik. Çünki Rusiyanın özü üçün Şimali Qafqaz bir nömrəli problemdir. Şimali Qafqazda Rusiyanın terrorla mübarizəsi daim davam edir. Aylar öncə Şimali Qafqazda Rusiya hüquq-mühafizə orqanları terrorçulara qarşı əməliyyat həyata keçirdi. Çoxlu sayda məhv edilən, yaxud həbs edilən terrorçular oldu.
Şimali Qafqazdakı terror ocaqları sönmədikcə, Azərbaycanda bu tip dəstələrin peyda olması, onların formalaşması mümkün olacaq. Heç şübhəsiz ki, Azərbaycandakı qruplarla şimaldakı qruplar arasında birbaşa əlaqə var. Hətta maliyyə, silah, silahlı təlimlər, partlayıcı maddələrin hazırlanması üçün dərslər Rusiya ərazisindən həyata keçirilir. Maraqlı bir məqam da ondan ibarətdir ki, şimaldakı qruplar təkcə din yox, milli kimliyi də ön plana çıxarırlar.
Suriyada İŞİD fəaliyyətə başlayan zaman dünyanın bir çox yerlərindən, eləcə də Azərbaycandan onun tərkibinə qoşulanlar, döyüşənlər oldu. O zaman Azərbaycan primitiv, ancaq işə yarayan bir vasitədən istifadə etdi: gedənləri qətiyyən saxlamadı, əksinə, getmələri üçün göz yumdu. Beləliklə, həmin şəxslər rahatlıqla ölkəni tək etdi. Qayıdanlar isə cəzalandırıldı. Bu üsulla Azərbaycan daxildəki radikalları təmizləmiş oldu.
Bəzən insanlar silahı necə əldə edirlər deyə suallar verir. Silahın əldə edilməsi o qədər də çətin məsələ deyil. Hindarxda bir uşağın evə qumbara gətirməsi qədər asandır. Nəzərə almaq lazımdır ki, Azərbaycan iki ağır müharibə keçib. Xüsusilə Birinci Qarabağ müharibəsi zamanı əhalinin əlinə silah daha çox keçib. Ancaq ikinci müharibə zamanı da az silah əldə edilməyib. Bundan əlavə, qeyri-qanuni yolla da ölkəyə silah keçirmək halları mümkündür.
Düşünürəm ki, Azərbaycan hüquq-mühafizə orqanları terrorizmlə bağlı əməliyyat şəraitinə nəzarət edə bilirlər. Əgər bu belə olmasa idi, heç şübhəsiz, daha böyük terror aktları ilə üz-üzə qala bilərdik.