“Şagird-müəllim münasibətinin gərginləşməsi, keyfiyyətsiz dərsliklər, psixoloq çatışmazlığı…” – Professordan Elm və Təhsil Nazirliyinə İRAD

“Hazırkı dərsliklərdə elmi biliklərin inkişafına xidmət etməyən məsələlərə yer verilib”.

Bu sözləri təhsil sektorundakı çatışmazlıqları şərh edən professor Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün məktəblərdə müəllimlərin nüfuzunun artırılması və keyfiyyətli təhsilin təminatı üçün vacib addımlar atılmalıdır:

“Təhsil insan kapitalının formalaşması üçün önəmlidir. Əgər bu gün Azərbaycanda insan kapitalının formalaşması üçün əhəmiyyətli işlər görülməsə, təhsil sahəsində inkişafdan geri qalacağıq. Məlumdur ki, məktəblərimizdə və təhsil sektorumuzdakı vəziyyət o qədər də ürəkaçan deyil.

Öncəliklə qeyd edim ki, məktəbəqədər təhsil sahəsində çalışan tərbiyəçilərin əməkhaqqısı çox aşağıdır. Bu əməkhaqqı təxminən 250-300 manat civarındadır. Bağça müəllimliyi üzrə məzun olan minlərlə vətəndaş iş tapmaqda çətinlik çəkir. Çünki Azərbaycanda bağçaların sayı sürətlə azalıb. Bunun başlıca səbəblərindən biri ölkədə özəlləşdirmə adı ilə bağçaların bir çoxunun öz profilini dəyişməsidir.

Bundan başqa, təhsil müəssisələrində istifadə olunan dərsliklər keyfiyyətsizdir. Belə ki, hazırkı dərsliklərdə elmi biliklərin inkişafına xidmət etməyən məsələlərə yer verilib. Həmçinin məktəblərdə lazımi laboratoriya cihazları yoxdur. Ümumilikdə məktəblərdə müəllimlərin nüfuzu aşağı düşüb, şagirdlər müəllimlərə qarşı hörmətsizlik etməkdən çəkinmirlər. Müəllimin şagirdi tənbeh etməsindən sonra müəyyən çətinliklə üzləşməsi son hallar geniş yayılıb. Ona görə də müəllimlər şagirdləri tənbeh etməkdən çəkinirlər. Şagird-müəllim münasibətlərinin normal səviyyədə olması üçün yaxşı olardı ki, kadr hazırlığında məktəb psixoloqlarına xüsusi diqqət göstərilsin.

Şagird sayından asılı olmayaraq, bu gün hər məktəbdə bir psixoloq var. Halbuki psixoloq sayı məktəbdəki şagirdlərin sayına əsasən müəyyənləşdirilməlidir”.

Gülşən Şərif