“Şagirdlər bir-birinə belə alçaldıcı hərəkətlər edirsə, ölkəmizin gələcəyi necə olacaq?”.
Bu fikirləri məktəbli qızlar arasında baş verən məlum insidentə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, bu məsələdə istər ailələr, istərsə də məktəb ayrılıqda məsuliyyət daşıyırlar:
“Şagirdlərə dərs keçməyən Emin Əmrullayevin təhsil sisteminin başında olmasının fəsadları təbii ki belə də olmalı idi. Ailə və məktəb bir-biri ilə bağlılığını qorumalıdır. Bu bağlılıq olmayana və təlim-tərbiyə işləri düzgün aparılmayana qədər daha betər neqativ hallarla qarşılaşacağıq.
Şagirdlər bir-birinə belə alçaldıcı hərəkətlər edirsə, məktəb direktorunun şagirdlə adı hallanırsa, ölkəmizin gələcəyi necə olacaq? Bizlər də şagird və tələbə olmuşuq, ancaq bir-birimizə qarşı heç vaxt belə hərəkətlər etməmişik. Hazırda Emin Əmrullayevə qarşı olan tənqidlər heç də şəxsi qərəzdən qaynaqlanmır.
Əgər bacarmırsa, uzaqlaşıb evində oturmalıdır. Həmin o tərbiyəsiz uşağın hərəkətinə qarşı ibrətverici addım atılmalıdır. Nəslindəki heç bir uşaq məktəbə buraxılmamalıdır. Həmçinin onun valideynləri işdən çıxarılmalıdırlar. Övladına düzgün tərbiyə verməyən ailə üçün ən kiçik cəza budur”.
Nəsimi Ələsgərli