Şagirdlər üçün “arzuedilməz” MƏNTİQ SUALLARI: “Yüksək nəticə göstərə bilməyənlər bunun səbəbini…”

“Olimpiada suallarını buraxılış və qəbul imtahanları formatında hazırlamaq doğru olmaz”.

Bu fikirləri fənn olimpiadalarında məntiqi təfəkkür suallarının salınmasına yönəlik narazılıqlara münasibət bildirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fənn olimpiadalarında mətiqi təfəkkürü yoxlayan sualların olması vacibdir:

“İlk növbədə qeyd edim ki, son 5 il ərzində Azərbaycan orta ümumtəhsil məktəblərində Respublika fənn olimpiadasına maraq artıb və biz bunu iştirakçıların sayının kəskin çoxalmasında müşahidə edirik. Bunun bir neçə səbəbi var. Ən əsas səbəblər sırasında 2018-ci ildə təhsil haqqında qanuna edilmiş dəyişiklik dayanır.

Həmin dəyişikliyə əsasən, Respublika fənn olimpiadasının qalibləri, qalıb olduqları fənn üzrə birbaşa imtahansız ali məktəbə qəbul hüququna malik oldular. Həmçinin beynəlxalq fənn olimpiadalarının qalibləri də istədikləri ixtisas üzrə ali məktəblərə qəbul olmaq hüququ əldə ediblər.

Etiraf edək ki, məntiq sualları ilə bağlı fərqli yanaşmaların olduğunu görə bilirik. Fənn olimpiadalarında yüksək nəticə göstərə bilməyən şagirdlər bunun səbəbini imtahana məntiqə aid sualların salınmasında görürlər. Respublika fənn olimpiadalarının sualları ali məktəblərə qəbul imtahanlarının suallarından tamamilə fərqlidir.

Respublika fənn olimpiadalarında birbaşa məntiqi təfəkkürü yoxlayan test tapşırıqları olur. Orta ümumtəhsil məktəblərinin buraxılış imtahanları və qəbul imtahanları formatında olimpiada sualları hazırlamaq doğru olmaz. Burada xüsusi bacarıqlı və hazırlıqlı şagirdlər iştirak edirlər. Onlar burada əldə etdikləri nəticələrələ daha yuxarı pillələrə gedə bilərlər. Ona görə də məntiqi düşüncəni yoxlayan sualların olması vacibdir.

Buna görə də hesab edirəm ki, fənn olimpiadalarında məntiq suallarının olması bizə daha yaxşı və hazırlıqlı şagirdləri seçməyə imkan verir. Həmçinin qeyd edim ki, Respublika fənn olimpiadalarında qalıb olan şagirdlər qəbul imtahanlarında çox zaman 600 baldan yüksək nəticə göstərirlər. Məntiq fənninin məkəblərdə ayrıca bir fənn kimi tədris edilməsinə ehtiyac yoxdur. Çünki hər bir fənnin daxilində məntiqi təfəkkürü əks etdirən modellər var”.

Nuray Məmmədzadə

COP29