“Məktəbli çantası nə etsin ki, bizim təhsildə proqram ağırdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında məktəbli çantalarının ağırlığının standartlara uyğun olmaması və dərs vəsaitlərinin ləğv edilərək, elektron vəsaitlərə köçürülməsinin mümkünlüyündən danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.
Onun sözlərinə görə, məktəblilərin çantaları ilə bağlı səsləndirilən fikirlər, qeyd olunan məsələlər bir-birindən kəskin sürətdə fərqlənir.
“Kimisi məktəbli çantalarına ehtiyac olmadığını, onları elektron vəsaitlərin də əvəz etməsini, kimisi isə bunu əksini fikirləşir. Qeyd edim ki, məktəbli çantaların və dərsliklərin öz yeri, elektron vəsitlərin də öz yeri var. Ona qalsa, gərək elm və texnikanın inkişaf etdiyi Cənubi Koreya, Sinqapur, Yaponiya, ABŞ kimi ölkələrdə məktəbli çantaları ümumiyyətlə yığışdırılsın. Araşdırsaq, dünyanın, Avropanın hansı məktəbində məktəbli çantaları, yaxud dərs kitabları yığışdırılıb? Görərik ki, bu heç birində baş verməyib. Sadəcə, Finlandiya, İsveç ev tapşırıqları olmadığına görə məktəbli çantalarını da həmişə ikinci plana salıblar. Yaxud elə ölkələr var ki, çantalar üçün xüsusi güşələr də yaradılıb. Dünyanın 90 faizindən çox yerdə hələ də məktəbli çantalarından istifadə olunur. Ona görə də, onun ləğvindən və sırf elektron vəsaitlərə keçidindən danışa bilmərik. Biz elektron daşıyıcı üçün hələ hazır deyilik. Bunu texniki-internet imkanları kimi obyektiv səbəbləri var”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, məktəbli çantalarının çəkisinin beynəlxalq standartlarda müəyyən normaları var:
“Bu bəzi ölkələrdə 11,14 bəzilərində isə 15 faizdir. Məktəbli çantası şagirdin çəkisinin 11.14,15 faizindən artıq olmamalıdır. Məsələn, şagirdin çəkisi 40 kq-dırsa, həmin ölkə bunu normal standart kimi qəbul edibsə, həmin ağırlıq o həddi keçməməlidir. Azyaşlılar üçün bu hətta 10 faiz kimi göstərilərək, beynəlxalq normada öz yerini tapıb. Bu gün birinci simifdə oxuyan şagirdin orta çəkisi 22 kq-dırsa, onu çantası 2 kq-dan artıq olmamalıdır. Lakin biz bunun tam əksini görürük. Burada məsələnin tibbi, fizioloji, metodiki, zehni-psixoloji tərəfi də var. Biz məktəbli çantaları deyərkən, üç problemdən danışırıq. Birincisi fizioloji-tibbi, ikincisi metodiki yüklənmə, üçüncüsü isə, psixoloji-zehni problemləridir. Bu üçü özlüyündə çox ciddi problemdir. Lakin məktəbli çantası nə etsin ki, bizim təhsildə proqram ağırdır. Proqrama əsasən də yüklənmələr olur. Ən yaxşı halda, əlavə yardımçı vəsaitləri ümumiyyətlə ləğv etmək, bu istiqamətdə müəllimləri təlimatlandırmaq lazımdır”.
Mütəxəssis əlavə edib ki, bəzi insanlar buna sıradan, məişət problemi kimi baxsa da, bu, qətiyyən belə deyil:
“Təsəvvür edin ki, şagird bir fəndən dövlətin təyin etdiyi bir kitabı dərsə aparır və müəllim də həmin dərslə bağlı əlavə vəsait – testlər, dəftərlər tələb edir. Bu həm valideynlər üçün maddi, həm də şagird üçün zehni, psixoloji istiqamətdə ziyandır. Bir çox ölkədə dərsliklər xüsusi formada hazırlanır. Məsələn, tutalım 7-ci sinfin biologiya dərsliyində yarım ildə hansı dərslər keçirilirsə, həmin dərslər kitab formasında çıxarılaraq, şagirdlərin sərəncamına verilir. Birinci yarım il üçün hazırlanan kitab yığılır və daha sonra ikinci yarım il üçün hazırlanan kitablar şagirdlərə verilir. Düşünürəm ki bu kimi detallara diqqət yetirmək lazımdır. Lakin bəzi insanlar buna sıradan, məişət problemi kimi baxsa da, lakin bu qətiyyən belə deyil”.
İsmayıl Bakuvi