Sağlamlıq imkanları məhdud olan 100 nəfər uşağın sosial reabilitasiyası həyata keçirilir – FOTOLAR

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlər üzrə keçirilən müsabiqəsinin qalibi olaraq Mingəçevir şəhərində yaşayan sağlamlıq imkanları məhdud olan 100 nəfər uşağın sosial reabilitasiyasını həyata keçirir.

Yenicag.az xəbər verir ki, layihə 01 iyuldan başlayaraq 6 ay müddəti əhatə edir.

Layihə çərçivəsində birlik tərəfindən uşaqların reabilitasiyası ilə bərabər onların asudə vaxtlarının səmərəli keçməsi və cəmiyyətə inteqrasiyaları baxımından 03.10.2019-cu il tarixində Mingəçevir şəhərində fəaliyyət göstərəm “Minqo Park” ailəvi istirahət mərkəzində şirin masa ətrafında əyləncəli proqram təşkil olunmuşdur. 40 nəfərə yaxın uşaqların valideynləri ilə bərabər iştirak etdiyi tədbirə müvafiq dövlət qurumlarının, bələdiyyənin, QHT və KİV nümayəndələri də dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Nailə İsmayılova açıq elan edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin yanında Dövlət Sosial Müdafiə Fonduna belə bir layihənin icrasını onlara etibar etdiklərinə görə təşəkkürünü bildirdi. Layihə üzrə sosial işçi Dilşad İlyasova layihə və onun icrası barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra DSMF-nin Mingəçevir şəhər şöbəsinin müdiri Emil İsmayılov, Mingəçevir şəhər Bələdiyyəsinin sosial-iqtisadi məsələlər üzrə komissiyasının sədri Zahid Qasımlı, QHT sədri, şəhid anası İranə Həsənova, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşı, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Rəşad Qurbanov öz çıxışlarında layihə çərçivəsində görülən işləri təqdir etdilər və uğurlar arzuladılar. Tədbir rəsmi hissə bitdikdən sonra körpə balalarımızın hazırladıqları əyləncəli proqramla davam etdi. “Sarı gəlin” xalq mahnısının ifa və xüsusi rəqs nömrəsi tədbir iştirakçılarını kövrəldərək alqışlara qərq oldu. Uşaqlar kiçik, lakin böyük məntiqi mənası olan səhnəçiklə onların fərqli olmadıqları mesajını cəmiyyətə çatdırmağa çalışdılar. Fidan qızlarımızın rəqs qrupunun xüsusi nömrəsi tədbir iştirakçılarının əhval-ruhiyyəsini yüksəltdi. Eşqin adlı sağlamlıq imkanı məhdud gəncimizin yazdığı şeir onun hisslərinin gözəl ifadəsi idi.

Sonda layihə icraçıları və könüllülər körpə fidanlarımızın və onların ailələrinin ehtiyaclarının qismən də olsa qarşılanması məqsədilə 1 uşağa əlil arabası, eyni zamanda məktəb ləvazimatları birgə çantalar və digər zəruri ehtiyacları ödəyən hədiyyələri təqdim etdilər.
Tədbirin təşkilində verdikləri hər çürə dəstəyə görə hər kəsə minnətdarıq!

COP29