“Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin reallaşdırılması layihəsində işləyən mühəndislər 2019-cu il üçün Böyük Britaniya Kral Mühəndislik Akademiyasının “İri layihə” mükafatına layiq görülüb.
Yenicag.az xəbər verir ki, mükafat iyulun 11-də Londonda təqdim edilib.
Qeyd olunur ki, “Şahdəniz 2” Avropaya enerji ehtiyatlarına gələcək tələbatı təmin etməyə imkan verəcək və Avropa İttifaqı ölkələrinin karbon tullantılarının daha az sərf olunduğu iqtisadiyyata keçidində vacib rol oynayacaq.
Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək.