“Şahdəniz Kompressiya” layihəsi üzrə son investisiya qərarının bu ilin iyun ayında qəbul olunacağı gözlənilir.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, layihənin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin təqdimatı keçirilib və hazırki mərhələdə onun hökümət tərəfindən təstiq olunması gözlənilir.
“Sənədin təqdimatını elədik və hazırda gözləyirik ki, onu hökümət təsdiq eləsin. Hökümətin təsdiq etməsi o deməkdir ki, artıq layihənin icra mərhələsinə başlanılır. Amma icra mərhələsindən əvvəl layihə üzrə yekun investisiya qərarı verilməlidir. Yekun investisiya qərarının qəbul olunması yayda gözlənilir, ən geci – bu ilin ikinci rübünün sonu. Mən eşitdiyimə görə, iyun ayında planlaşdırılıb”, – Tamam Bayatlı qeyd edib.
O bildirib ki, yekun investisiya qərarı qəbul olunduqdan sonra tenderlərin elan olunması və icraçıların seçimi prosesinə başlanılacaq.
“Hazırda “Şahdəniz”də bütün diqqət “Şahdəniz Kompressiya” layihəsinə yönəlib”, – Tamam Bayatlı vurğulayıb.
Xatırladaq ki, “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə fəaliyyətlərin qrafikinə əsasən 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” (ŞDA) platformasından və 2030-cu ilin ortalarında “Şahdəniz Bravo” (ŞDB) platformasından ilk qaz (alçaq həzyiqli – red.) hasilatı nəzərdə tutulur.
“Şahdəniz Kompressiya” layihəsinə elektriklə çalışan Əsasən Heyətsiz Qurğu (eƏHQ) yəni, heyətsiz Şahdəniz Kompressiya (ŞDK) platforması, mövcud ŞDA və ŞDB platformalarından qazın ixracı/idxalı üçün yataqdaxili sualtı qaz boru kəmərləri, qurğunu elektrik enerjisi ilə təchiz etmək və ŞDB-ŞDK platformaları arasında birləşdirici EFOK-u ehtiyat enerji ilə təchiz etmək üçün ümumi elektrik və fiber optikkabel (EFOK) daxildir.
ŞDK platforması ŞDA və ŞDB platformalarında qaz kompressiyası üçün baş qurğu qismində xidmət göstərəcək. O, ŞDB platformasından təxminən 3km məsafədə suyun 85m dərinliyində yerləşəcək. Səngəçal Terminalına ixrac edilməzdən qabaq ŞDA və ŞDB-dən gələn qaz, mövcud ŞDA və ŞDB qaz ixrac boru kəmərlərindən istifadə edilərək, ŞDK platformasında kompressiya olunacaq.
Görüləcək işlər ŞDA, ŞDB platformalarının və Səngəçal Terminalının mövcud infrastrurunda aparılacaq. Səngəçal Terminalında (elektrik enerjisini qəbul edən və ötürən dəstin quraşdırılmasından başqa) yeni infrastruktur tələb olunmayacaq və terminalın ərazisi genişləndirilməyəcək./apa