Sahibə Qafarova gürcüstanlı həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Gürcüstan parlamentinin sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Sahibə Qafarova ötən ilin aprel ayında Gürcüstana rəsmi səfərini, cari ilin may ayında isə qonağın ölkəmizə səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırlayıb. Milli Məclisin sədri qonşu, dost və tərəfdaş ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsrlər boyu dostluq və mehriban qonşuluq münasibətində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.

Spiker bildirib ki, ötən illər ərzində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır. Ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə necə böyük əhəmiyyət verdiklərini göstərir.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla qeyd olunub.

İki ölkənin parlamentlərarası münasibətlərindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafı və parlamentlərimizin Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyəti qeyd olunub. Digər tərəfdən, komitələr arasında əməkdaşlığın gələcəkdə başqa sahələr üzrə də genişləndirilməsi ilə bağlı razılıq nümayiş etdirilib.

Söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Azərbaycan sülhə hazırdır və inanırıq ki, tezliklə sülh müqaviləsi imzalanacaq.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova bildirib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfər çərçivəsində bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb.

Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı onların təhlükəsizliyini, regionda sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına müsbət təsir edir. İki ölkə arasında Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən layihələr öz bəhrələrini verməkdədir və onların sırasına yeni layihələr əlavə olunur.

Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O, bildirib ki, Gürcüstan tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.

Şalva Papuaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, komitələr arasındakı işbirliyinin daha da artırılması, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi barədə danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

COP29