Sahibə Qafarova şəhid ailələri və müharibə veteranları ilə görüşdü

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova parlament seçkilərində təbliğat-təşviqat kampaniyasına şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüşlə başlayıb.

Yenicag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev seçkilərin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında yeri və rolu barədə danışıb.

Görüşdə çıxış edən Sahibə Qafarova ölkəmizin siyasi sisteminin lokomotivi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərə Azərbaycan qələbə əzmi ilə qatıldığını qeyd edib. O, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında və gələcək inkişafında əhəmiyyətindən danışıb.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan dövləti həssas qrupdan olan, xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və dəstək göstərir. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyev şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımızın problemlərinin  həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. O, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir və bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid olan insanlara diqqət və qayğı göstərilməsi, onların rifahının yaxşılaşdırılması dövlətimizin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərindəndir.

Yeni Azərbaycan Partiyasının namizədi vurğulayıb ki, Prezident İlham Əliyevin bu sahədə fəaliyyəti, onun şəhid ailələrinə yüksək münasibəti hər kəs üçün bir örnəkdir. Görüşdə bildirib ki, VI çağırış Milli Məclis də öz fəaliyyətində dövlətimizin başçısının tövsiyələrini həmişə rəhbər tutub. Bu baxımdan, Milli Məclis şəhid ailələrinə, döyüşdə sağlamlığını itirmiş vətəndaşlarımıza, onların sosial problemlərinin həllinə həmişə xüsusi diqqətlə yanaşıb, bu məsələləri öz fəaliyyətinin prioritetlərindən biri kimi qəbul edib. Bu sahədə dövlət siyasətinə dəstək məqsədi ilə müvafiq qanunlar qəbul edilib.

Görüşdə çıxış edən şəhid ailələri və döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar, müharibə veteranları ölkəmizdə həssas kateqoriyadan olan insanlara Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, razılıqlarını ifadə ediblər. Onlar qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə yenidən etimad göstərəcəklərini bildiriblər.

COP29