Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Prezident Sərdar Berdiməhəmmədov dost və qardaş ölkələr olan Türkmənistan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını ifadə edib.
Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında qədim tarixə malik münasibətlər dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. O, yüksək səviyyəli rəsmi səfərlərin bu münasibətlərə töhfələrini qeyd edib. Həmçinin, dost ölkələrimizin parlamentləri arasında münasibətlərin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən spiker Sahibə Qafarova Türkmənistana Milli Məclisin sədri kimi ilk dəfə səfər etdiyini diqqətə çatdırıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Sahibə Qafarova bu illər ərzində dost ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edərək, bir çox sahələri əhatə etdiyini vurğulayıb. O, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən olan qanunvericilik orqanları arasında münasibətlərimiz haqqında məlumat verərək, qeyd edib ki, parlamentlərimiz səmərəli əməkdaşlıq əlaqələri qurub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyəti əlaqələrin inkişafına töhfə verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.