Sahibə Qafarova Türkmənistanda səfərdədir – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Gülşat Məmmədova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.

Milli Məclisdən Yenicag.az-a verilən məlumata görə, Gülşat Məmmədova, cari ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini və bu səfər çərçivəsində Sahibə Qafarova ilə görüşünü razılıqla xatırlayaraq, səfərdən və Bakı konfransından yüksək təəssüratlarını bölüşüb.

O, ölkəsinin Parlament Şəbəkəsində təmsilçiliyə böyük əhəmiyyət verdiyini deyərək, bu platformanın parlament diplomatiyasının imkanlarından daha səmərəli faydalanmaq baxımından önəmli olduğunu vurğulayıb.

Digər sahələrdə olduğu kimi, parlamenlərarası əlaqələr sahəsində də ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Milli Qenqeşi Məclisinin sədri, o cümlədən, beynəlxalq parlament təşkilatlarında səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, Azərbaycan Milli Məclisi sədrinin bu səfərinin parlamentlərimiz arasında mövcud olan münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirən spiker Sahibə Qafarova, Milli Məclisin sədri kimi Türkmənistana ilk dəfə rəsmi səfər etdiyini xatırladıb və ümidvar olduğunu bildirib ki, bu səfər iki parlament arasında olan münasibətlərə yeni təkan verəcək.

Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri inkişaf edir. Bizim xalqlarımızı ortaq tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birləşdirir. Spiker Sahibə Qafarova, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladaraq, deyib ki, bu illər ərzində hər iki ölkə uzun bir yol keçib. Həm Azərbaycan, həm də Türkmənistan müstəqil, inkişaf etmiş, beynəlxalq münasibətlər sistemində öz yerlərini tutmuş ölkələrdir. Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyədə inkişafında ölkə başçılarının rolunu xüsusi vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olduğunu bildirən Sahibə Qafarova qeyd edib ki, iki ölkə arasında olan münasibətlərdə parlamentlərin öz yeri var. O, qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini qeyd edib və bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, bildirilib ki, parlament komitələri arasında əməkdaşlıq əlaqələrə töhfə verə bilər.

Gülşat Məmmədova ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iyun ayında keçirilmiş Bakı Konfransında görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova qeyd edib ki, ikinci konfransın gələn ilin martında Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində Manamada keçirilməsi nəzərdə tutulur. O diqqətə çatdırıb ki, hazırda Parlament Şəbəkəsi çərçivəsində bir sıra məsələlər üzərində işlər davam edir. Bunlardan biri Şəbəkənin beynəlxalq aləmdə daha geniş şəkildə tanıdılması, digər parlament təşkilatları ilə əlaqələrinin genişləndirilməsidir. O, görülən təşkilati işlər barədə məlumat verib.

Görüşdə Milli Məclisin sədri hazırda regionda gedən proseslər, post-münaqişə dövründə Azərbaycanın daimi sülh və təhlükəsizliyin təmin olunması istiqamətindıə təşəbbüsləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq və bərpa işləri, həmçinin, Ermənistan tərəfindən törədilən sülh prosesinə maneə təşkil edən siyasi və hərbi təxribatlar barədə geniş məlumat verib.