Sahibkar Gömrük İdarəsinə buraxılmadı: “Ora Pərviz Kəngərlinin evi deyil ki…”

“Bakı Baş Gömrük İdarəsinə gedəndə aşağıda mühafizəçilər mənim önümü kəsdilər ki, rəis göstəriş verib ki, Nərmin xanım idarəyə buraxılmasın” .

Bu fikirləri dövlət qurumundan şikayətçi olan sahibkar Nərmin Bədəlova NOCOMMENT.az-a bildirib.

Tarif Şurasından bildirildiyi kimi, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və qiymətləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət tərəfindən tənzimlənmir. Aydındır ki, dərman vasitəsi olmadığından və qiyməti tənzimlənmədiyindən bioloji fəallığa malik qida əlavələrinin adı Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən dərman vasitələrinin qiymət cədvəlinə də daxil edilməmişdir. Bu barədə Tarif Şurasının rəsmi internet saytında (tariff.gov.az) məlumat verilib.

Bununla bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət edən sahibkar Nərmin Bədəlova bildirib ki, ona verilən qiymətlərlə razılaşmayıb:

“Orda mənə müvafiq qiymət verdilər. Mən həmin qiymətlərlə razılaşmadım. Əlimdə elektron qaimə fakturam var. Mənim fiziki şəxslər adına mal vurmağımın səbəbi odur ki, əlavə dəyər vergisindən yararlanıram.

Hansı ki, həmin ƏDV-lər dövlət qaydalarına uyğun olaraq toplanır. Qanunauyğun olaraq, 5 illik etibarnaməm var. Mən etibarnaməsiz, qanunsuz yolla məhsulu gətirmirəm. Getdim, qiymət mənə uyğun gəlmədi”.

Sahibkar həmçinin bildirib ki, növbəti gün Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərlinin ofisi yerləşən İdarə binasına üz tutsa da, iki mühafizəçi önünü kəsib və içəri buraxmayıb:

“Səhəri gün Bakı Baş Gömrük İdarəsinə gedəndə aşağıda mühafizəçilər mənim qabağıma çıxdı ki, rəis göstəriş verib ki, Nərmin xanım idarəyə buraxılmasın”.

Pərviz Kəngərlinin etinasız yanaşmasından sonra şikayətçi Gömrük Komitəsinə müraciət edib.

“2 nəfər şəxs məni qəbul etdi, etibarnaməmi soruşdu. Hamsını verdim, qeydiyyata düşdüm. Dərdimi anlatdım”.

Nərmin xanımın sözlərinə görə, Pərviz Kəngərlinin verdiyi göstərişlə bağlı narahatlığını Gömrük Komitəsinə bildirib:

“Pərviz Kəngərlinin mən evinə getməmişəm, mən dövlət müəssisəsinə getmişəm. O isə məni qəbul etmək əvəzinə, İdarə qapısından içəri buraxmadı”.

Komitədən bildirilib ki, sizin şikayətinizə aydınlıq gətiriləcək.

Lakin sahibkarın sözlərinə əsasən, iyun ayının 6-sı Gömrük Komitəsinə yenidən müraciət edən Nərmin xanım başqa şəxslər tərəfindən qəbula alınıb və şikayətinə baxılmayıb:

“Mahir Mehdiyev və Fərid Əliyev heç biri insanı qəbul etmir. Özlərini yəqin rəis hesab edirlər. Onların qəbuluna düşmək qeyri-müşkül məsələdir. Halbuki “Stefano Richi” kostyumu geyinib oturular, vətəndaşı da belə incidirlər. İki fərqli şəxs gəldi. Qanun qoydular qabağıma. Mən də qanunla göstərdim ki, kimin adına istəsəm məhsuluvura bilərəm. Dövlət mənə etibarnamə verib. Mən qanun pozuculuq etməmişəm”.

Məsələ ondan ibarətdir ki, sahibkarın məhsuluna çıxarılan qiymət onun elektron qaiməsinə uyğun gəlmir. Təbii olaraq, sahibkar bununla razılaşmır.

“Məhsulun birinə 36 manat, birinə də 33 manat qiymət çıxarıblar. Mən də izah edirəm ki, elektron qaimə fakturam var. Fakturamla neçiyə verirəmsə, mənə o qiymətlə götürülsün. Demirəm, məndən 1 manata götürün. Mənim neçiyə satmamın isə fərqi yoxdur, çünki mən neçiyə satıramsa, onun dövlət vergisini – 18%-ni ödəyirəm”.

Komitədən bildirilib ki, sizin şikayətinizə baxılacaq:

“Dedilər ki, biz tələsirik, sizinlə əlaqə saxlayacayıq. Lakin mənim maşınım gününə 100dollar haqq yazır. Tır şoferi günə 100 dollar pul tələb edəcək. Mən elə bu yollarda qalacam? Prezident dediyi halda ki, mən xalqıma xidmət edirəm. Bu günkü gündə Pərviz Kəngərli dövlətin idarəsində göstəriş verir mühafizəsinə ki, onu buraxmayın, buraxsaq polis çağıracayıq”.

Beləliklə, şikayətçi nə Pərviz Kəngərli ilə, nə də səlahiyyətli bir şəxs ilə görüşə bilməyib.

Qeyd edək ki, sahibkarın elektron qaiməsində 24 manat və 25 manat 70 qəpik olan qida əlavələri Bakı Baş Gömrük İdarəsi tərəfindən 33 və 36 manat qiymətində dəyərləndirilib.

Bakı Baş Gömrük İdarəsi ilə əlaqə yaratmağa cəhd etsək də zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.