Sahibkar və vergi ödəyiciləri üçün YENİ MEXANİZM: “Vahid elektron lövhə” tətbiqi hansı problemi həll edəcək? – AÇIQLAMA

“Yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi artıq ödəməsi olduğu halda elektron müraciət edərək daha qısa zamanda ödəməni geri ala bilsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq edilməsi ilə bağlı dəyişikliyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Dövlət Vergi Xidmətinin tətbiq etdiyi “Vahid elektron lövhə” platforması vergi ödəyəcilərinə ƏDV üzrə artıq vergi ödədikləri halda həmin vəsaitin büdcədən geri qaytarılmasını təmin edə bilməsi üçün imkan yaradacaq:

“Sahibkarlarlığın inkişafı üçün vacib olan daha bir məsələ öz həllini tapır. Uzun müddət idi ki, sahibkarların artıq ödədiyi Əlavə Dəyər Vergisini (ƏDV) geri almaqda çətinlikləri var idi. Əvvəllər artıq ödənilmiş vəsaitin geri alınması ya mümkün olmurdu, ya da uzun müddət tələb edirdi. Əksər hallarda sahibkarlar əvəzləşməyə getmək məcburiyyətində qalırdılar. Təqdirəlayiqdir ki, “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək. Bu, bütövlükdə vergi sisteminin elektronlaşdırılması, xidmətlərə əlçatanlığın genişləndirilməsi və xüsusən dövlət büdcəsi ilə qarşılıqlı hesabalaşmalarda müasir praktikaya uyğun, dünya təcrübəsində tətbiq edilən nümunələrdən istifadə edilməsi baxımdan vacib idi”.

Vüqar Bayramov vurğulayıb ki, yeni mexanizm vergi ödəyicisinin müraciətini elektron izləməsinə şərait yaradacaq. Burada əslində dünya praktikasında tətbiq edilən “tracking” metodundan istifadə olunacaq ki, bu da vergi ödəyicisinə müraciətin bütün mərhələlərini izləmə imkanı yaradacaq:

“”Vahid elektron lövhə” dünya təcrübəsində “electronic VAT refund service” prinsipinə uyğun olaraq, ƏDV-nin geri qaytarılması üçün elektron müraciət və addımları nəzərdə tutur. Sahibkarları və vergi ödəyicilərini ən çox narahat edən məsələlər sırasına ƏDV üzrə ödənişlər zamanı artıq ödəmələrin geri qaytarılmasındakı çətinliklər idi. Belə ki, vəsaitlərin geri qaytarılması ilə bağlı prosedurun mürəkkəbliyi zaman baxımından xeyli müddət tələb edirdi. Ancaq yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi artıq ödəməsi olduğu halda elektron müraciət edərək daha qısa zamanda artıq ödəməni geri ala bilsin. Bu isə prosedurun sadələşdirilməsi ilə vəsaitə və zamana qənaət edilməsi anlamına gəlir.

Bu islahatın tətbiq olunmasının Azərbaycanın beynəlxalq hesabatlarda və xüsusən də Dünya Bankının “Doing Business” hesabatında sözügedən istiqamət üzrə yerinə birbaşa təsir göstərəcəyi gözlənilir. Çünki məhz beynəlxalq hesabatlarda da sözügedən “Vahid elektron lövhə”nin tətbiq edilməsi irəli sürülən təkliflərdən biri idi. Azərbaycanda bu praktikadan istifadə edilməsi beynəlxalq hesabatlardakı mövqeyimizə müsbət təsir göstərəcək”.

Gülşən Şərif