Sahibkarlığın İnkişafı Fondu: “İndiyədək 1,4 milyon manat dəyərində…”

Sahibkarlığın İnkişafı Fondunun qadın və gənc sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirdiyi “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqəyə sentyabrın 20-dən bu günədək 1,4 milyon manat dəyərində 26 layihə daxil olub.

Fonddan Yenicag.az-a bildirilib ki, qaliblər Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə müsbət qərar verilmiş və kredit ayrılmış layihələrin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.

Müsabiqə bu şərtlər əsasında keçirilir: Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2022-ci il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər; Kreditlər yalnız qadın və yaşı 29-dək olan gənc sahibkarlara verilməlidir; Kreditlər 2022-ci il üzrə Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet istiqamətləri əhatə etməlidir; Müsabiqədə Fond tərəfindən 2022-ci il oktyabrın 1-dən dekabrın 16-dək kredit ayrılmış qadın və gənc sahibkarların layihə sayları əsas götürülür.

Qeyd edək ki, müsabiqəyə müraciətlərin qəbulu dekabrın 15-də bitəcək.