“Eyni zamanda, media dövlətin həyata keçiridiyi mühüm layihələr haqqında ictimaiyyəti məlumatlandırır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı, “Adalia Agency”nin təşkilatçılığı ilə həyata keçirilən “Sahibkarlıqda Media” Forumunda çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, sahibkarlıq hər hansı fəaliyyəti həyata keçirirsə, media da o işin digər tərəfini işıqlandırır:
“Bu gün təşkil olunan tədbirin mövzusu çox maraqlı olmaqla yanaşı, həm sahibkarları, həm də medianı əhatə edir. Hazırda Azərbaycanda bu istiqamətdə böyük işlər görülür. Hər bir dövlətin inkişafı bilavasitə onun iqtisadiyyatı ilə bağlıdır. İqtisadiyyatı nə qədər güclü olarsa, dövlətlər bir o qədər güclü olar.
Düşünürəm ki, bu gün dünyamızı media idarə edir. Sahibkarlıq hər hansı işi görürsə, media da onun digər tərəfini işıqlandırır. Eyni zamanda, media dövlətin həyata keçiridiyi mühüm layihələr haqqında ictimaiyyəti məlumatlandırır. O mənada bu gün keçirilən tədbiri çox uğurlu hesab edirəm.
Ümumiyyətlə, son günlər davamlı olaraq müxtəlif forumlarda iştirak edirik. Mən keçirilən forumların önəmli və vacib olduğunu düşünürəm. Belə tədbirlər iş adamlarının tanınması və gənclərimizin inkişafı baxımından xüsusi önəm daşıyır. Ən çox diqqəti cəlb edən məsələlərdən biri də bu işlərdə gənclərin fəal olmalarıdır”.
İsmayıl Bakuvi