“Sahibsiz küçə”yə çevrilən SOSİAL ŞƏBƏKƏLƏR: Saxta profillərlə mübarizə necə aparılsın? – Ekspertin ŞƏRHİ

“Sosial şəbəkələrdə saxta hesabların yaradılmasının qarşısını almaq üçün avtomatlaşdırılmış sistem olmalıdır”.

ABŞ-ın “Clarkson” Universitetində aparılan araşdırmaya əsasən, müxtəlif kəşfiyyat orqanları və hakerlər insanların hansə məsələlərə inandıqları və hansı tip məlumatlara maraq göstərdiklərini yoxlamaq üçün sosial şəbəkələrdə saxta hesablardan istifadə edirlər.

Bu araşdırmanın nəticəsi sosial şəbəkə üzərindən saxta məlumatlar və şayiələr vasitəsilə insanların istiqamətləndirildiyini təsdiqləyir. Bu “təcrübə” Azərbaycanda da özünü göstərir. Belə ki, koronavirus infeksiyasının yayıldığı ilk dövrlərdə və hazırda müxtəlif sosial şəbəkə hesablarından saxta məlumatlar yayılır və cəmiyyətdə çaşqınlıq yaradılır. Məhz bu çaşqınlıq səbəbindən insanların böyük bir qismi ilk dövrlərdə koronavirusun mövcudluğuna inanmadı və nəticədə xəstəliyə qarşı laqeydlik infeksiyanın yayılmasına səbəb oldu.

O baxımdan, haqqında danışılan araşdırmanın qeyd olunan nəticəsi sosial şəbəkələrdə saxta hesabların açılması və şayiələrdən qaynaqlanan təhlükəyə qarşı zəruri müdafiə tədbirlərinin aktuallığını önə çıxarır.

Bu vacib məsələni Yenicag.az-a şərh edən informasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov bildirib ki, sosial şəbəkələrdə saxta hesabların avtomatik təyin edilməsi və ləğvi üçün avtomatlaşdırılmış müdafiə sistemindən istifadə olunmalıdır:

“Statistikaya nəzər salsaq, 2020-ci il üçün dünya əhalisinin 39,4 faizi sosial şəbəkələrdən istifadə edir və bu, çox böyük rəqəmdir. Bəzən sosial şəbəkələrdə hər hansı bir informasiyanın kütləvi şəkildə yayılması bir neçə dəqiqə ərzində baş verir.

Təəssüf ki, bəzən real informasiyalarla yanaşı, saxta məlumatlar da yayılır. Hazırda aktiv istifadə olunan sosial şəbəkələrdə saxta hesablar və ya saxta informasiyalar istifadəçilər tərəfindən aşkarlanaraq şikayət edildikdə, bəzən avtomatik olaraq, bəzən isə dəstək komandası tərəfindən baxış keçirildikdən sonra ləğv olunur”.

Ekspertin sözlərinə görə, saxta hesabların avtomatik təyin edilməsi və ortadan qaldırılması üçün maşınöyrənmə (Machine Learning) modelləri ilə qurulan avtomatlaşdırılmış müdafiə sisteminə ehtiyac var:

“Müdafiə sistemi bir neçə mərhələdə təhlil aparır, ilk olaraq, qeydiyyat prosesində, daha sonra isə hesabın istifadəsi zamanı neqativ halları təyin edərək, qeydiyyat prosesinin ləğvini, yaxud da mövcud hesabın silinməsini təmin etməlidir”.

Bu məsələdə sosial şəbəkə istifadəçilərinin də maarrifləndirilməli olduğunu vurğulayan Sayad İbrahimovun fikrincə, insanların məlumatlandırılması əsas istiqamətlərdən biri olmalıdır:

“Sosial şəbəkələrin dəstək komandası mövcuddur. Bu komanda müdafiə sistemindən yayınan saxta hesabların təyin edilməsi, istifadəçilərin bununla əlaqədar şikayətlərinə baxmaq üçün fəaliyyət göstərir.

Hazırda aktiv istifadə olunan bu sosial şəbəkələrdən Linkedin platforması müdafiə sistemi üçün maşınöyrənmə modellərindən istifadə edir. Saxta hesabların və saxta informasiyaların yayılmasının qarşısını almaq üçün istifadəçilərin şikayətləri daim nəzərə alınır və dəstək komandası tərəfindən analiz edilərək, lazimi tədbirlər həyata keçirilir”.

Gülşən Şərif

COP29