Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Yenicag.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində çıxış edən Şahid Nofəl Atakişiyev qeyd edib ki, İmişli RİH-in baş mühasibi Cəmil Musayevə 5 min manat pul verib.
Daha sonra şahid qismində Aydın Xankişiyev dindirilib. O, əvvəllər dəmir yolunda rəhbər vəzifədə işlədiyini bildirib: “Rayonun abadlaşdırılması üçün İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışan İbrahim Zahidova 1 000 manat pul verdim. O da pulu Cəmil Musayevə təqdim etdi”.
Şahid Malik Əzimov isə vurğulayıb ki, İmişli RİH-in baş mühasibi C.Musayevə 2 min manat pul verib.
Onun sözlərinə görə, əvvəllər rayonda bələdiyyə sədri olub: “Vilyam Hacıyev iclasda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik göstərilməlidir. Həyətimin qabağında mağaza tikmək üçün isə rayonun memarı Nazim müəllimə 1000 manat pul vermişəm”.
Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib./Report/