!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahil Babayev: Sosial sığorta haqları 332 milyon olub

!Reklam – Yazi

Sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb.

Yenicag.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

Nazir qeyd edib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım təmin olunur, çoxşaxəli sosial proqramlar reallaşdırılır, sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur. Cənab Prezident, pensiya, ünvanlı yardım, əlillik və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron sistemlərin tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında qoyduğunuz əsas vəzifələrdir. Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə sisteminin inkişafına və mənfi halların aradan qaldırılmasına xidmət edən geniş islahatlar paketi hazırlanıb və Sizin dəstəyinizlə icra olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Sizin 2018-ci il 9 avqust və 10 dekabr tarixli fərmanlarınıza əsasən “DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb”.

S.Babayev bildirib ki, “DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcək: “Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur. Eyni zamanda, elektron xidmətlərin genişləndirilməsi məqsədilə Sizin tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr tarixli Fərmanınızın icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb. “E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin edib”.

O vurğulayıb ki, yanvar ayında istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcək: “Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər”.

Nazir əlavə edib ki, pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb: “Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir. İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs vətəndaşlarımıza Sizin qayğınızın növbəti təzahürüdür və cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaqdır. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaqdır.

Möhtərəm cənab Prezident, hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub”.

S.Babayev qeyd edib ki, ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib: “Sizin sərəncamlarınızla ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında Sərəncamınızla 172 min üzvü olan 42 895 ailəyə vəsait ödənilib”.

Nazir bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı da uğurla davam edib. 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib və 6654 ailəyə mənzillər təqdim edilib: “Sizin və birinci xanım Mehriban Əliyevanın avqustun 1-də müharibə əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi mərasimində iştirakınız onlara yüksək diqqətin növbəti təzahürü olub. Tədbirdən bir gün sonra imzaladığınız Sərəncamla ehtiyat fondundan 20 milyon manat əlavə vəsaitin ayrılması nəticəsində 2018-ci ildə onlara 626 mənzil və 265 minik avtomobili verilib.

Möhtərəm cənab Prezident, 2018-ci ildə keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçildikdən sonra imzaladığınız ilk Fərman da şəhid ailələri ilə bağlı növbəti humanist addımınız olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib. Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb”.

O vurğulayıb ki, əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub: “Hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib:

“Çox hörmətli cənab Prezident, hesabat ilində işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi islahatları da davam etdirilib. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb”.

Nazir deyib ki, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb: “Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Tapşırığınıza əsasən ictimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcəkdir”./Trend/

www.yenicag.az

5634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv