Şahin Mövsümovun 100 milyonluq kredit qalmaqalı: “Yenə vətəndaşa “yüklənəcək” – İqtisadçı

Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşının adı 100 milyon manatlıq kredit qalmaqalı ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri, tanınmış hüquqşünas Əkrəm Həsənov haqqın.az-a açıqlamasında dövlət fondlarından birinin qardaşının adıçəkilən bankdan girovsuz olaraq, 100 milyon manat kredit götürdüyünü deyib.

Həsənov bu açıqlamasında söhbətin kimdən getdiyini konkretləşdirməsə də, haqqın.az həmin şəxsin iş adamı, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov olduğunu müəyyənləşdirib.

Materialda qeyd edilib ki, Şahin Mövsümov sözügedən krediti Mərkəzi Bankın (MB) yüksək vəzifəli məmurunun vasitəçiliyi sayəsində götürməyə nail olub. Məlumata görə, Şahin Mövsümovdan götürdüyü krediti ən qısa vaxtda geri qaytarmaq tələb olunub.

Qeyd edək ki, “Bank Standard”ın lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə 2016-cı il sentyabrın 30-da ləğv olunub.

O zaman bu məsələyə aydınlıq gətirən Palatanın sədri Rüfət Aslanlı “Bank Standard”ın lisenziyasının ona sağlamlaşdırıcı təyin edilmiş “Azər-Türk Bank”ın müraciəti əsasında ləğv olunduğunu bildirmişdi.

Şahin Mövsümovun 100 milyonluq kredit qalmaqalına münasibət bildirən keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bu məsələdə korrupsiya əlamətinin göründüyünü deyib:

“Ümimiyyətlə, hansısa bankın girovsuz və təminatsız qaydada kimlərəsə o həcmdə kredit ayırması qanunvericiliyə ziddir. İstisna hallarda, yəni xüsusi əhəmiyyətli layihələr üçün bu məbləğdə kreditin verilməsi Müşahidə Şurasının qərarı əsasında ola bilər.

O baxımdan, “Bank Standard”ın Şahin Mövsümov adlı iş adamına 100 milyon manat məbləğində girovsuz kredit ayırmasında açıq-aşkar korrupsiya əlaməti görünməkdədir.

Çox təəssüf ki, bu, müəyyən əlaqələr hesabına ayrılaraq talan edilən, daha sonra isə dövlət vəsaitləri hesabına yeri doldurulmağa cəhd göstərilən kredit nümunələrindən yalnız biridir”.

Bəydəmirlinin fikrincə, qardaşı Neft Fondunun prezidenti olan Şahin Mövsümovun “Bank Standard”dan götürdüyü 100 milyonluq kreditin də dövlətin hesabına bağlanması ehtimalı yüksəkdir:

“Ümumiyyətlə, qeyd edilməlidir ki, Neft Fondunun vəsaitləri çox bərbad və səmərəsiz idarə olunur. Digər dövlətlərdəki suveren fondların illik gəlirləri 5 faiz həcmində olduğu halda, Azərbaycan Neft Fondunun gəlirləri təqribən 2 faiz həddindədir.

Bunun da əsas səbəbi Fondun səmərəsiz investisiya siyasətidir. Məsələn, daşınmaz əmlak bazarında qiymətlərin azaldığı bir şəraitdə Fondun Parisdə, Moskvada, Milanda bahalı mülklər aldığını xatırlada bilərik.

Eyni zamanda, bir neçə il bundan əvvəl Fondun iri sərmayə yatırtdığı qızılın qiymətinin kəskin azalması il ərzində bu qurumun təqribən 600 milyon manat ziyana düşməsinə səbəb olub. Bütün bu əməliyyatlarda isə korrupsiyaya yol verildiyi şübhə doğurmur.

O baxımdan, milli spesifikanı nəzərə alsaq, belə bir Fonda rəhbərlik edən şəxsin qardaşı olan Şahin Mövsümov kimi kağız üzərində biznesmenin götürdüyü 100 milyon manatlıq kreditin yenə də dövlətə və vətəndaşlara “yüklənməsi” qətiyyən istisna deyil”.

A. Zeynalov