Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə İRNA agentliyi yazıb.
Müzakirələr zamanı ikitərəfli birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
İranlı nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, eləcə də xarici dövlətlərin bölgəyə müdaxiləsinə qarşı olduğunu bildirib: “Biz əminik ki, regionun problemləri qonşu dövlətlər vasitəsilə həll edilməlidir və əcnəbilərin hərbi mövcudluğu region üçün təhlükəlidir. İran Ermənistanla Azərbaycan arasındakı gərginliyi aradan qaldırmaq üçün qonşuluq siyasətindən istifadə edəcək”.
Şahin Mustafayev iki ölkənin birgə layihələri, o cümlədən Ağbənd körpüsü, sərhəd terminalı və Xudafərin bəndinin işlərinin gedişi ilə bağlı danışıb. O, iranlı naziri oktyabr ayında Azərbaycana səfərə və iki ölkənin birgə layihələri ilə tanış olmağa dəvət edib.