Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında bu gün növbəti görüşünü keçirib.
Yenicag.az xəbər verir ki, şahmatçılarımız 8-ci turda turnir cədvəlinin birinci pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar. Komandamız iddialı rəqibi üzərində inamlı qələbəyə sevinib – 3:1.
Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, Teymur Rəcəbov Yan Nepomnyaşnını, Rauf Məmmədov isə Danil Dubovu 1:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində yalnız Arkadi Naydiç Maksim Matlakova uduzub – 0:1.
Beləliklə, Azərbaycan millisi xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib. Rusiya isə 12 xalla ikinci pilləyə düşüb. Komandamız sona bir tur qalmış Avropa çempionluğunun bir addımlığındadır.