Şahramanyan Azərbaycana təhvil verilir? – Ermənistan hökumətinin son iclasının ƏSAS MESAJI

“Ermənistan Konstitusiya Məhkəməsinin sabiq sədrinin Samvel Şahramanyanın Azərbaycana təhvil verilməsi ilə bağlı söylədikləri, əslində, Ermənistan hakimiyyətinin mövqeyini ifadə edir”.

Bu sözləri Yenicag.az-la söhbətində Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Elçin Mirzəbəyli söyləyib.


O, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri Edqar Kazaryanın ləğv olunmuş qondarma rejimin “eks-prezident”i Samvel Şahramanyanın Azərbaycana təhvil verilməsi haqqında dediyi fikirləri şərh edib.

Qeyd edək ki, E. Kazaryan mətbuata açıqlamasında bəyan edib ki, Ermənistanın indiki hökumətinin Samvel Şahramanyanı həbs edib, onun Azərbaycana ekstradisiya yolu ilə verməsi ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, hökumətin son iclasının əsas mesajı ondan ibarətdir ki, Qarabağ erməniləri siyasi cəhətdən aktiv olmağa cəsarət edərlərsə, bu, milli təhlükəsizliyə təhdid olacaq. Kazaryan diqqətə çatdırıb ki, bu cür bəyanatların məqsədi Şahramanyanın həbsi və Azərbaycana təhvil verilməsi üçün zəmin yaratmaqdır.

Məsələyə münasibət bildirən ƏHD funksioneri isə vurğulayıb ki, burada bir sıra faktorlar var:
“Bu fikirlər məqsədyönlü şəkildə bir sıra şəxslər tərəfindən qızışdırıcı amil ola bilər ki, adıçəkilən məsələ yenidən gündəmə gətirilsin. Bu məsələ də istisna deyil. Lakin hesab edirəm ki, separatçılarla bağlı səslənən fikirlər daha çox rəsmi İrəvanın mövqeyini ifadə edən bir yanaşmadır”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan ərazilərində törədilmiş cinayətlərə görə separatçıların sonuncu “lider”i Samvel Şahramanyan da məsuliyyət daşıyır:
“Çünki əgər bu gün separatçıların bir sıra “rəhbər”ləri Azərbaycanda istintaq prosesindədirlərsə və məhkəmə qarşısına çıxarılacaqlarsa, digər günahkarlar da onlarla birlikdə Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Lakin buna baxmayaraq, indiki halda Azərbaycan və Ermənistan arasında hər hansı bir sənəd imzalanmayıb. Yəni diplomatik əlaqə, eyni zamanda qarşılıqlı hüquqi yardım haqqında müqavilə yoxdur. Ona görə də Şahramanyan və digər separatçıların Azərbaycana ekstradisiya edilməsi prosesinin necə həyata keçiriləcəyini söyləmək müəyyən qədər çətindir”.

E.Mirzəbylinin qənaətinə görə, əgər belə bir addım atılarsa, bu, separatçıların Ermənistan ərazisindəki aqressiv ritorikasını artıra bilər:
“Həmçinin də sözügedən addımı Azərbaycanla Ermənistan arasındakı etimad mühitinin formalaşması üçün zəmin saymaq mümkündür.

İndi Ermənistanın siyasi hakimiyyəti mövcud şəraitdə hansı situasiyanı seçəcəksə, nəticə də bununla bağlı olacaq. Amma son proseslər də onu sübuta yetirir ki, separatçı qüvvələrin Ermənistanın ictimai rəyinə ciddi şəkildə təsir göstərmək imkanları yoxdur”.

Rafi Müslümov