Şairə Cığatel: “O həm də mənim sevgilimdir”

Həmsöhbətim saz-söz adamıdır. Son günlər başı dərddən açılmayan, kədərlə qol-boyun olan, dərdi özündən qovmaq üçün az qala ona yalvaran tanınmış şairə Cığateli deyirəm.

Ürəyini Yenicag.az-a açan şairənin müsahibəsini təqdim edirik.

– Bu yağmurlu qış günündə şairə Cığatelin ruhu hansı havadadır?

– Ruhum fəsillər kimidir, gah payız, gah qış, gah yay, gah da yaz havasında olur. Bəzən bulud kimi doluram, bəzən də şimşək kimi çaxıram. İndi bayırda yağış yağır, hava da ruhumla həmahəngdir. Ruhumun havası çox qarışıqdır. Doluxsunmuşam, göz yaşlarım yanaqlarımdan süzülür.

– Səbəb varmı, nədir sizi doluxsunduran?

– Gözümün önündə bir çiçək solmaq üzrədi. Dözmək çox çətindir.

– Çiçək deyərkən, kimi nəzərdə tutursunuz?

– Həyat yoldaşım xəstədir. Həyat yoldaşım deyəndə ki, o mənim sevgilim, dərd ortağım, sirdaşım, yol yoldaşım, gözümün nuru, başımın tacıdır. Hər dəfə ona baxanda ruhum sızıldayır.

– Belə başa düşdüm ki, depressiyadasınız…

– Elə ömrüboyu həyatım depressiyalar içərisində keçib. O qədər haqsızlıqlar, əzab-əziyyətlər gördüm ki, heç başım bu dərddən açılmadı. Heç vaxt yalanı sevmədim. Başımı kəs, yalan danışmaram. Bu da həyatda mənə əzab-əziyyət bahasına başa gəldi. Dərdimi ürəyimdə çəkdim.

– Bəs bu dərdə necə tab gətirirsiniz?

Kimə deyim Allah, kimə söyləyim,

Bağrı qana dönmüş lala dərdimi.
Əl çəkə yaxamdan, əl üzə məndən,
Gətirən olarmı yola dərdimi.Tab gətirmək deyəndə ki, yüz yol ölüb-dirilirəm. Mən hər dəfə şeir yazanda o dünyanı gəzib gəlirəm. İki həyatın arasında qalıram. Bu dünyadan o dünyaya, o dünyadan isə bu dünyaya boylanıram.

– Bəs ruhunuzu o dərddən necə xilas edirsiniz?

– Elə şeirlərimlə. Yaxşı ki, göz yaşlarımın süzüldüyü ağ vərəqlər var. Dərdim, kədərim o göz yaşlarıyla vərəqlərə süzülür, biraz sakitləşirəm.

– Heç dünyaya gəldiyinizə görə peşmanlıq hissi keçirirsinizmi?

Çiynində doğmusan yer kürəsini,
Bu yükün altında qalmışam ana.

Anamı qınayıram. Bəzən də dərdimlə danışıb, onu yola gətirməyə çalışıram. Onu qovmaq üçün az qala yalvarıram ki, məni rahat buraxsın. Amma yaxamdan elə yapışmayıb ki, onu qopara bilim.

– Çətin durumda köməyinizə kim çatır bəs?

– Hər adama da dost demək olmur. Bilmirsən o səni anlayacaq, ya yox. Mən ruhu yerlə-göylə əlləşən adamam. Elə qızım Leyla ilə dərdləşirəm. O da müğənnidir, atasının adını özünə təxəllüs götürüb – Leyla Camal.

– Nə əcəb Leylanın müğənni olmağına icazə verdiniz, axı şou-biznes aləmi qalmaqallar, dedi-qodularla doludur.

– Qızım şou aləminə qatılmaq fikrində deyil. Çox istedadlıdır, sənəti ilə gündəmə gəlmək istəyir, qalmaqallarla yox.

– Heç ona qadağalarınız olurmu?

– Qızım Cığatelin bir nüsxəsidir. Eynən mənim kimi ruhu olan qızdır. Ona nəsə deməyə, başa salmağa ehtiyac yoxdur.

– Bir çox müğənnilər, aşıqlar sizin şeirlərinizlə məşhurlaşıb, özlərinə toy tutub, pullar qazanıblar. Siz necə şeirlərinizlə pul qazana bilirsinizmi?

– Mən heç vaxt şeirlərimdən qazanc götürmədim. Sağ olsunlar, şeirlərimi söyləyəndə adımı çəkirlər, təşəkkürlərini bildirirlər, bu mənə bəstir.

– Bəs sifarişlə necə heç şeir yazdıranlar olubmu?

Şeir haqqın kəlamı, şair haqqın mirzəsi

Kimsə eşidə bilməz şair eşidən səsi
Mənim şeir yazmağım Allahın möcüzəsi
Mələklər pıçıldayır, qulağıma söz deyir.
Mən şeir yazmıram ki, şeir məni yaz deyir.

O qədər sifarişlər almışam ki… Amma yazmamışam. Hansı ki, o pula özümün də ehtiyacım olub. Gərək elə yazaydım. Amma yox, acığımdan belə deyirəm. Şeir Allahın kəlamıdır, pullamı yazılır? Şeir gərək ruhdan süzülə.

– Amma eşitdiyimə görə məzar daşları üçün sizə daha çox şeirlər yazdırırlar…

– Onları təmənnasız yazıram. Kimsə gəlir ki, əzizimin başdaşı üçün bir şeir yaz, ürəyini qırmıram. Onsuz da bu dünyadan hamımız bir gün köçəcəyik, haqq dünyasına qovuşacağıq. O şeirlərim də kiminsə məzar daşında kiminsə gözlərini yaşardacaq, ürəyini sızıldadacaq.

– Bu saz-söz dünyasından kimlərlə rəfiqəlik edirsiniz?

– Hamısı ilə münasibətim yaxşıdır.

Cəvahir