Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb(Yenilənib)

Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

APA-nın məlumatına görə, hadisə nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

***

Salyan rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləridir. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub. Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Yenicag.az