Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilmiş ağır cinayətlə bağlı məlumat yayıb.
Yenicag.az xəbər verir ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Salyanda itkin düşən ana və 4 qızın öldürüldüyü məlum olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları – Rəqibə, Sevda, İradə və Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.
Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.
Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.