SAM-ı bitirən səbəblər: Fəaliyyətsizlik, FETÖ-yə bağlılıq, maliyyə maxinasiyaları… – VİDEO

14:01

“Mərkəzin rəhbərinin adı Gülən şəbəkəsi ilə hallansa da, onun özü bu məsələyə heç vaxt aydınlıq gətirmədi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin ötən gün Strateji Araşdırmalar Mərkəzinin (SAM) ləğvinə dair sərəncamını dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, prezidentin reputasiyası korlanan və real fəaliyyəti olmayan bir qurumu ləğv etməsi doğru qərardır:

“Hesab edirəm ki, doğru qərar verilib. Son illərdə Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti nəzərə çarpmırdı. Bir-iki əməkdaşını çıxmaq şərtilə, orada kimin nə işlə məşğul olduğu da bilinmirdi. Halbuki, Mərkəzin əsas vəzifəsi Azərbaycanda və dünyada cərəyan edən proseslərlə bağlı cəmiyyəti məlumatlandırmaq, təhlillərlə, proqnozlarla çıxış etmək idi.

Bu barədə özlərinə deyəndə, bildirirdilər ki, nə bilim, dərgi buraxırıq, araşdırmalar aparırıq və sair. Əslində, dedikləri bəhanədən başqa bir şey deyildi. O baxımdan, düşünürəm ki, prezident doğru qərar verib.

Əlbəttə, bizim analizlərə, təhlillərə, proqnozlara hər zaman ehtiyacımız var. Orada çalışan şəxslər artıq özlərinin maliyyələşdirdikləri bir mərkəz quraraq, dövlətə yük olmadan fəaliyyət göstərə bilərlər.

Çünki dövlətə yük olanda, özlərini rahat hiss edirlər. Bilirlər ki, işləməsələr də, maaş və qonorar alacaqlar. Ancaq fəaliyyətlərini özləri maliyyələşdirəcəkləri halda, təbii ki, işləməli və ortaya normal iş qoymalıdırlar”.

Politoloqun fikrincə, SAM-ın ləğv edilməsində bu qurumun reputasiyasının korlanmasının, rəhbərlərinin FETÖ şəbəkəsi ilə bağlılığının üzə çıxmasının da təsiri var:

“Bəli, son illərdə SAM-ın reputasiyası korlanmışdı. Hətta SAM rəhbərinin adı Gülən şəbəkəsi ilə hallansa da, onun özü bu məsələyə heç vaxt aydınlıq gətirmədi. Yenə deyirəm, SAM rəhbərinin fəaliyyətinin nədən ibarət olduğu, ümumiyyətlə, anlaşılmırdı.
Onun nə bir proqnozu, nə də təhlili ilə tanış deyiləm. Gülən şəbəkəsinə bağlılığı haqda məsələni sükutla qarşılaması da onun barəsində müəyyən təsəvvür yaradırdı.

Ötən ilin sonlarında baş vermiş bir hadisə isə neqativ planda SAM-a yönəlik diqqəti bir az da artırdı. Xatırlayırsızsa, bir sıra media rəhbərləri də bu barədə yazmışdılar. Söhbət SAM-ın Ankarada düzənlədiyi konfransın çox yarıtmaz şəkildə təşkil olunmasından gedir. Gerçəkdə isə həmin toplantının yüksək səviyyədə keçirilməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılmışdı. Yəni SAM rəhbərliyi “pul silmək” xatirinə heç kimə lazım olmayan tədbirlər də təşkil edirdi.

Bu kimi hallar təbii ki, SAM-ın reputasiyasına ciddi zərbə vururdu və qurumun rəhbərliyi bu barədə vaxtında fikirləşməliydi. Amma onlar nə vəziyyəti, nə də özlərini dəyişmədiklərinə görə “Belə bir qurum kimə və nəyə lazımdır” sualını aktuallaşdırdılar”.

A.Zeynalov

COP29