“Yeni mövsümdə “Şamaxı” təkcə premyer liqada qalmaq üçün deyil, eyni zamanda, Avropa Liqasında çıxış etmək üçün mübarizə aparacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Şamaxı” futbol klubunun çempionluğu və premyer liqaya yüksəlməsi haqda danışan futbol mütəxəssisi Ceyhun Sultanov deyib.
Onun sözlərinə görə, komanda ilk növbədə maddi durumlarını yaxşılaşdırmalıdır.
“Şamaxı”nın premyer liqaya yüksəlməsi çox yaxşı haldır. Onsuz bu komanda keçən il də premyer liqada çıxış edib. “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov çox təcrübəli məşqçidir. Düşünürəm ki, komandanın premyer liqaya yüksəlməsində ən böyük rolu məhz o oynadı. Yeni mövsümdə “Şamaxı”ya uğurlar arzulayıram”, – deyə o əlavə edib.
Onun fikrincə, yeni mövsümdə “Şamaxı” təkcə premyer liqada qalmaq üçün deyil, eyni zamanda, Avropa Liqasında çıxış etmək üçün mübarizə aparacaq:
“Bunun üçün komanda ilk növbədə maddi durumlarını yaxşılaşdırmalıdır. Əgər maddi durum yaxşı olarasa, klubun səviyyəsi daha yaxşı olacaq. Çünki maddi durum yaxşı olmayandan sonra nə edirsənsə, et, yalnız liqada varlığını qorumaq üçün oynamalı olacaqsan və çətinlik çəkəcəksən. Ona görə də, yerli futbolçularla daha yüksəkdə oynamaq çox çətindir. Komandaya mütləq legioner gətirməlisən ki, hər hansı mövcud vəziyyətdən çıxmağı bacara biləsən. Keçən il bunun əyani şahidi olduq. Komandanın təkcə yerli futbolçularla oynaması, onların premyer liqadan düşmələri ilə nəticələndi. Ona görə də, komanda bu istiqamətdə düzgün strategiyanı özü seçməlidir”.
İsmayıl Bakuvi