Şamaxıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, rayona qarın yağması bu gün axşam saatlarında Bakı-Şamaxı yolunda avtomobil qəzasına səbəb olub.
06-BE-772 dövlət nömrə nişanlı “Naz Lifan” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib, avtomobil qar səbəbindən sürüşərək yoldan çıxıb və dərəyə aşıb. Hadisə zamanı Ağsu rayon sakinləri, 1975-ci il təvəllüdlü Hətəmov Rövşən Qəribxan oğlu, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Hətəmova Kifayət Əlişah qızı, oğlu- 2003-cü il təvəllüdlü Hətəmov Şahəli Rövşən oğlu, eləcə də 1976-cı il təvəllüdlü Ziyadov Firuz Ağacəfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Şamaxı rayonuna yağan güclü qar hal-hazırda davam edir. Şamaxının Pirqulu, Qızmeydan, Nağaraxana kəndlərinə və ətrafdakı digər dağlıq yaşayış məntəqələrinə 20-25 santimetr hündürlüyündə, Şamaxı şəhərinə, eləcə də Bakı-Şamaxı avtomobil yoluna 10 santimetr hündürlüyündə qar yağıb. Hazırda yolda avtomobillər hərəkət eləsə də, gecə saatlarında yolun buz bağlayacağı bildirilir.
Yeniçağ.Az