Şamaxıda Quşçu palçıq vulkanı püskürdü – 3 evə ziyan dəydi – YENİLƏNDİ

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb.

Vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib.

Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir.

Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. Kənd sakinlərinin sözlərinə görə bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb. Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var.

İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar əmələ gəlib./APA/

***

00:22

“Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı- Quşçu palçıq vulkanı püskürüb”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub:

“İlkin məlumata əsasən püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək”.

Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.

COP29