!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şamil Basayevlə Bakıda görüşdük" - Əfsanəvi komandirlə bağlı 26 illik sirr

!Reklam – Yazi

Bu gün əfsanəvi çeçen komandir Şamil Basayevin doğum günüdür. Onunla bağlı Azərbaycanlı siyasətçi, uzun illər AXC, AXCP və Ümid Partiyalarında önəmli vəzifələrdə çalışmış Nəsimi Məmmədli öz xatirələrini bölüşüb.

Yenicag.az həmin yazını təqdim edir:

Çeçenistanın azadlığı uğrunda mübarizə tarixinə adını əbədi yazdırmağı bacaran əfsanəvi səhra komandirlərindən biri olan mərhum Şamil Basayevin bu gün doğum günüdür. Onun barəsində bu kiçik xatirəmi bölüşməkdə məqsədim heç də hansısa terrorçuluğa, separatizmə, müharibəyə bəraət qazandırmaq deyil, çeçen xalqının əsrlər boyu davam edən və təəssüf ki həmişə də uğursuszluqla bitən azadlıq mübarizəsinə mənəvi dəstək verməkdir.

2006-cı ildə 41 yaşında şəhid olan Şamil Basayevlə görüşüm haqqında indiyədək çox az dost-tanışla danışmışam. Onlar isə əsasən bu görüşün vasitəçiləri olduqları üçün məlumatlı idilər. Onunla 1992-ci ilin yanvarında, Bakıda Şeyx Şamil küçəsində bir mənzildə görüşmüşdüm. O zaman bu ünvan Çeçenistanın gizli qeyri-rəsmi nümayəndəliyindən biri kimi fəaliyyət göstərirdi. Görüşümüz İstanbulda yaşayan Leçe adlı bir çeçen iş adamı vasitəsilə mümkün olmuşdu. Leçe Çeçenistanda nüfuzlu şəxslərdən sayılırdı. Qroznı şəhərində biznesi və hətta radiosu da var idi. Həm də Çeçenistan prezidenti mərhum Cövhər Dudayevin dostu və o zaman Daxili işlər naziri Maqomedovun yaxın qohumu idi. Hər ikisi çeçen-rus müharibəsində şəhid oldu.

Mənə deyilən ünvana yaxınaşıb qapını döydüm. Kimliyimi soruşduqdan sonra qapını çarşablı gənc bir qadın açdı və gəlişimi gözlədiklərini deyib içəri dəvət etdi. Dəhlizdə və biz görüşdüyümüz otaqda daha iki qadın da var idi. Hər üçü hündür boylu, nazik bədənli, başdan ayağa qara çadrada və üzləri də qismən bağlı idi. Davranışlarından hiss olunurdu ki gənc qadınlardır. Çeçencə danışırdılar və cəld hərəkətlər edirdilər. Bizə çay gətirdilər. Biri biz oturan otaqda oturdu, digərləri isə ayaq üstə xidmət edir və dəhlizdə hərlənirdilər. Başqa otaqlarda da kimlərsə var idi və hərdən telefonla danışdıqları eşidilirdi.

Ş. Basayev həmin vaxt Qarabağda döyüşə gələn çeçen mücahidlərinin sırasında idi. Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparanları özünə müttəfiq, müsəlmanları isə qardaş bilən bir mücahid idi. Söhbət zamanı AXC üzvü olduğumu bildiyi üçün mənimlə sanki köhnə tanış kimi güvənlə danışırdı. AXC rəhbərliyində müsbət münasibətdə olduğu şəxslər də var idi. Həm də bizi İstanbuldan onunla əlaqələndirən nüfuzlu çeçen biznesmen də buna çox yaxın adam olduğu üçün daha da sayğılı və səmimi davranırdı.

Ona bizimlə yaxınlığı olan bir türk iş adamının Moskvada üzləşdiyi problem barədə məlumat verdim və həllinə kömək etməsini xahiş etdim. O da heç nə əlavə soruşmadan kiminləsə telefonla çeçencə danışdı. Aramızda təqribən 1 saata yaxın çəkən söhbətdən sonra oradan ayrıldım.

Onun müdaxiləsi ilə məsələ Moskvada dərhal həll olundu. Türkiyəli iş adımına çatacaq iriməbləğdə pullar bir gün müddətində deyilən ünvana çatdırıldı.

Səhəri gün türkiyəli dostlarımızın təşəkkürünü çatdırmaq və ona müəyyən qədər pul vermək üçün yenidən bu ünvana gəldim. Təklif etdiyim pulu qəti şəkildə qəbul etmədi və pul mövzusuna bir daha qayıtmamağımı gülümsəyərək bildirdi. Tezliklə özünün burada olmayacağını, ancaq Rusiya ilə əlaqəli nə işim olarsa mütləq onun adı ilə bu ünvana çatdırmağımı istədi. Bir az ümumi söhbətlərdən sonra görüşüb oradan çıxdım. Elə o illərdə bir neçə dəfə də Rusiyada yaranan problemləri həll etmək üçün onların vasitəçiliyindən istifadə etməli oldum.

Sonradan onun əfsanəvi çeçen mücahidlərinin komandiri olduğunu görəndə çox təəcüblənmişdim. Fikirləşirdim, necə ola bilər ki belə bir mülayim insan dəyişib mücahid oldu. Qısa müddətli tanışlığım olsa da şəxsən o, çox mülayim insan kimi yadımda qalıb. Çox zəif və asta səslə danışırdı. Elə təsir bağışlayırdı ki, sanki dünyada ondan daha yumşaq, həlim xarakterli adam yoxdur. Çox mədəni, səmimi və təvazökar rəftarı ilə xatırlayıram. Onun haqqında bəzən xeyli ədalətsiz və uydurma danışanlar da olub. Onu terrorçu kimi qələmə verib nüfuzdan salmağa cəhdlər yenə də davam edir. Amma, əminəm ki, bunlar hamısı uydurmadır. O öz xalqını və müsəlmanları sevən, çeçen xalqının azadlığı üçün alışıb-yanan bir mübarizə adamı idi. Hər dəfə Şamil Basayevin şəkillərinə baxanda onun gözlərində çeçen xalqının tarixən yaşadığı dəhşətli faciələri, bəlanı, əzabı və mübariz bir xalqın nakam arzularını görürəm. Doğrudan da hər bir xalqın istiqlaliyyətindən daha böyük nailiyyəti yoxdur! Allahdan Şamil bəyə rəhmət diləyirəm. Ruhu şad olsun!

www.yenicag.az

2888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv