Samir Adıgözəlli Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşdü – FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan Abdykarımov ilə görüşüb.

İSBAM mətbuat xidmətindən Yenicag.az-a bildirilir ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud əlaqələr barədə geniş müzakirələr aparılıb.

S Adıgözəlli mətbuata açıqlamasında bildirib ki, “İki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı barədə müzakirələr apardıq. Görüşdə, həmçinin, Azərbaycan və Qazaxıstanın ictimai təşkilat və birliklərinin, vətəndaş cəmiyyətinin bu məsələdə oynadığı və oynaya biləcəyi rol, görməli olduğu işlər önə çəkilib vurğulandı. Hər iki ölkənin ictimai sektorunun əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, o cümlədən də Türk birliyi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı”.

Bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinin Qazaxıstanda keçirilməsi ilə bağlı da müzakirələr aparılıb.

S.Adıgözəlli rəhbərlik etdiyi təşkilat və onun fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib və səfir də, öz növbəsində, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə öz təbriklərini çatdırıb. İSBAM rəhbəri tərəfindən səfirə Şuşa ilə bağlı xatirə hədiyyəsi təqdim edilib.

Görüşdə, həmçinin, qurumun departament rəhbəri Şahin Həsənov da iştirak edib.