Samir Əsədlidən Yardımlı seçicilərinə mesaj: “Hər zaman yanınızda olacam”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 75 saylı Yardımlı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Çayüzü kəndində keçirib.

Görüşü açıq elan edən VHP sədrinin müavinin Nəsimi Şərəfxanlı namizəd barəsində məlumat verib. O, əslən Yardımlıdan olan namizədin siyasi fəaliyyəti, gənclər hərakatında və ictimai-siyasi həyatda aktiv fəaliyyəti haqqında danışıb. Daha sonra seçicilər qarşısında çıxış edən Samir Əsədli VHP-nin siyasi fəaliyyətindən, 1 sentyabr parlament seçkilərində iştirakından danışaraq  Yardımlı rayonunun indiki sosial-iqtisadi durumu və deputat seçiləcəyi halda görəcəyi işlər haqda məlumat verib: “Mən Bakıda yaşasam da hər zaman Yardımlıya bağlı olmuşam, bu rayonun problemlərindən, insanların yaşayışından məlumatlıyam. Yardımlı təbii potensialı baxımdan ölkənin öncül rayonlarından biridir, amma bu potensialdan düzgün istifadə olunmadığından bu gün rayon datasiyada olan yeganə rayondur. Yardımlının tam şəkildə qazlaşdırılması, su probleminin həlli, iş yerlərinin açılması və ən başlıcası turizm sektorunun inkişafı ən vacib məsələlərdən biridir. Deputat seçiləcəyim halda bu problemlərin həllinin müvafiq dövlət qurumları qarşısında qaldıracağıma əmin olun. Bütün hallarda hər zaman sizinlə birgə, sizin yanınızda olacam!”.

Çıxış edən şəhid atası Elşan Aslanov kəndin problemlərindən, müvafiq qurumların diqqətsizliyindən danışıb.

Digər görüş iştirakçıları da fikirlərini bildirərək namizədlə müzakirə aparıblar. Sonda seçicilər 1 sentyabr seçkilərində Samir Əsədlini dəstəkləyəcəklərini bildiriblər.

COP29