Ötən ilin dekabrında həbs edilən və barəsində dələduzluq maddəsi ilə cinayət işi açılan Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin ətrafında gedən söz-söhbətlər son günlər ölkə mediasının gündəmini zəbt edib.
Cahangir Hacıyevin həbsdə qalmasına çalışan şəxslər indi də bu “bank işi”nə onun həyat yoldaşı Zamirə Hacıyevanı daxil ediblər. Ancaq buna baxmayaraq 2000-ci illərin əvvəllərində Hacı Məmmədovun bandası tərəfindən oğurlanan və sonradan xüsusi əməliyyat nəticəsində azad edilən bu qadın cəld tərpənərək yenə sudan duru çıxmağı bacarıb, 2014-cü ildə ölkəni tərk edərək Londona gedib. Onun Londona getməsi də heç də təsadüfi olmayıb, çünki alınan məlumata görə o, 10 ildən artıqdır ki, Böyük Britaniya vətəndaşıdır və onun ekstradisiyası, istintaqa cəlb olunması mümkün deyil.
Bəs, Zamirə Hacıyevanı nədə ittiham edirlər? Guya Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxardığı pulları xarici ölkə pasportu daşıyan xanımının adına aldığı mülklərə yatırıb və ya hesablara yerləşdirib. Əslində belə “əməliyyatların” həyata keçirilməsində Zamirə Hacıyevanı heç kəs günahlandıra bilməz. İyun ayının 1-də Nərimanov Rayon Məhkəməsinin Zamirə Hacıyevanın həbs olunması barədə çıxartdığı qərarda bu haqda bir kəlmə belə yoxdur. Orda qeyd edilib ki, Zamirə Hacıyeva Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürüb və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 min manat pul çıxarıb.
Əslində Beynəlxalq Bankdan kredit vasitəsilə oğurlanan 3 milyard dollar pulun fonunda bu rəqəm çox gülünc görsənir. Deməli, bu xanımın qiyabi şəkildə həbs edilməsi Cahangir Hacıyevin susdurulmasına hesablanıb.
Onu kim susdurmaq istəyir? Bu işin arxasında kim dayanıb? Təbii ki, bu sualların cavabı indiyədək ölkə ictimaiyyətinə qaranlıq qalıb və onun nə vaxt işıqlığa çıxacağı da bəlli deyil.
Bəlli olan isə budur ki, 3 milyard dollar yeyintidə ittiham olunan Cahangir Hacıyevin gah səhhəti pisləşir, gah da şok açıqlamalar verir. Bütün bu nüanslar isə onun tezliklə ən azından ev dustaqlığına çıxarağına işarə vurur.
Cahangir Hacıyev olayında isə birbaşa işarəni ölkənin maliyyə naziri Samir Şərifov vurdu. O, “Amerikanın Səsi” radiosuna açıqlama verərək, Cahangir Hacıyevi və onun rəhbəri olduğu bankı dövlətə qarqı dələduzluq etməkdə ittiham etdi. Elə Zamirənin qiyabi həbs edilməsi xəbəri də bu açıqlamadan sonra baş verdi.
Deməli, ölkənin keçmiş baş “bankiri”ni susdurmaq bu nazirə tapşırılıb. Niyə məhz o? Çox böyük ehtimalla bu bank işində onun burnu iki qapı arasında qalıb.
AzToday.az-a daxil olan məlumata görə, Beynəlxalq Bankın işindən birbaşa cavabdeh olan bu məmur oğurluq pul əməliyyatlarından xəbərdar olub. Sadəcə bu haqda o, ya qorxusundan, ya da pul qarşılığında yuxarı məlumat ötürməyib. İndisə ona bu işi çözməyi və hacıyevlər ailəsini bitirmək tapşırığı verilib.
Onun isə bu işin öhdəsindən necə gələcəyi məlum deyil, çünki məlum pul əməliyyatlarında 70-ə yaxın şəxsin adı hallansa da onlardan yalnız 10 nəfərinin adı mediaya sızıb. Digər 60 nəfər isə “Mister X” ləqəbilə gölgədə gizlənib.
Və nəticə kimi belə çıxır ki, Samir Şərifovun və onu təlimatlandıran gizli qüvvənin gücü o 60 nəfərə çata bilmir. Zərbə altına hamı tərərindən tanınan Hacıyevlər ailəsi salınır.
Yeri gəlmişkən, qeyd edək ki, Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva mətbuata göndərdiyi müraciətində qardaşının bu cinayəti tək etmədiyini bildirib: “Heç kim üçün sirr deyil ki, çoxsaylı kreditlərin verilməsi bir adamın işi deyil. Verilən kreditlər uzun bir yol keçir: kredit komitəsi, Mərkəzi Bank və sonda Maliyyə Nazirliyinin Müşahidə Şurası. Axı Cahangir bu idarələrin yanından ötməklə necə özbaşına kredit verə bilərdi? Maliyyə Nazirliyi hara baxırdı? Əgər kreditlərin verilməsi cinayətdirsə, onda buna görə yalnız bir adamı günahlandırmaq ədalətlidirmi? İstənilən savadlı insan bilir ki, bankların əsas fəaliyyəti kredit verməkdən ibarətdir. Bu halda həm də kreditlər problemli hesab olunmurdular. Onda bəs Cahangirin günahı nədədir? Bütün bunlara kim cavabdehlik daşımalıdır? Nə üçün bir çox ölkələrdə savadlı maliyyəçi və bankir kimi tanınan və öz ölkəsi qarşısında böyük xidmətləri olan Cahangir, bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır? Axı o azadlıqda olsaydı dövlətimizə daha çox xeyir verə bilərdi. Əminəm ki, hörmətli prezidentimiz bütün bunları araşdıracaq və ədalətli qərar çıxaracaq”.
Görünür, qardaşının qeydinə qalan bacı bu sözləri birbaşa Samir Şərifova ünvanlayıb. Qarşı tərəf isə dəmir barmaqlılar arasına düşməmək üçün o ailəyə qarşı total hücuma keçib.
Zahid Səfərov