Samsung şirkəti yeni ekran dizaynının patentini aldı.
Yenicag.az xəbər verir ki, smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdirilməsi üzrə çoxlu sayda üsullardan istifadə edirlər. Smartfon bazarında artıq kiçik çıxıntı hissəli, ön kameranın gövdənin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş və hətta arxa panelində ikinci ekran olan smartfon modelləri movcuddurlar. İndi isə ön kameranın yerləşdirilməsi üzrə yeni üsulu Samsung şirkəti təqdim edib.
Belə ki, şirkətin əldə etdiyi yeni patent çıxıntı hissələrə daha maraqlı alternativi təklif edir. Bu barədə Letsgodigital saytı xəbər verib. Koreya Respublikasının intellektual mülkiyyət üzrə agentliyi Samsung şirkətinin yeni ekran dizaynı patentini təqdim edib. Patent sənədlərinə əsasən ön kamera, danışıq üçün səsgücləndiricilər və digər komponentlər smartfonun yuxarı hissəsinin əks tərəfindəki çıxıntı hissənin daxilində yerləşirlər.
Əslində bu cür dizayn bir çox şirkət tərəfindən patent olunsa da bazarda hələ bu cür çıxıntı hissəyə sahib smartfon modeli satışa çıxmayıb. Çıxıntı hissələrə alternativ variant kimi ekrana inteqrasiya edilmiş ön kamera ola bilər. Lakin bu texnologiyanın reallaşdırılmasının qəlizliyi səbəbilə sözügedən texnologiya hələ irimiqyaslı olmayıb.