Sandu, Japarov və Dodik İlham Əliyevi təbrik etdilər

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram.

Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas təşkil edəcək.

Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək istərdim. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu.

Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər.

Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə və ən xoş diləklərlə”.

***

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident, əziz dostum.

İcazə verin, ölkənizdə keçirilən prezident seçkilərində tarixi qələbəniz və aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Bu, siyasi, iqtisadi daxil olmaqla Sizin hər bir strategiyanızın doğru olduğunu təsdiq edən parlaq qələbədir. Azərbaycan Respublikasını möhkəm addımlarla sabit və firavan gələcəyə aparmaqda xalqınızın Sizə və Sizin müdrikliyinizə inamı və etimadı vardır.

Cənab Prezident, seçicilərin bu qərarı təkcə Azərbaycan və onun xalqı üçün deyil, habelə bütün regionda və dünyada sülh uçun önəmlidir.

Biz Serb Respublikasında Azərbaycandakı seçki kampaniyasını və seçkilərin nəticələrini diqqətlə izlədik və mən birmənalı olaraq dəstəyimi və Sizin qalib gələcəyinizə dair ümidimi açıq şəkildə ifadə etdim.

Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, fürsətdən istifadə edərək Sizi növbəti yeddi illik prezidentlik müddətiniz münasibətilə bir daha təbrik edirəm.

Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, dost Azərbaycan xalqına rifah, firavanlıq və inkişaf arzulayıram”.

COP29