Şanlı qələbəmizə aparan yolun BAŞLANĞICI: “Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib”
“Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 26 iyun Silahlı Qüvvələr günü ilə bağlı ordunun tarixi haqda danışan Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, bugünki güclü Azərbaycan Ordusunun yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:
“Bu işdə ulu öndərin müstəsna xidmətləri oldu. 1971-ci ildə SSRİ rəhbərliyinin böyük təzyiqlərinə baxmayaraq, Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Sovet rəhbərliyi hər zaman azərbaycanlı hərbi kadrların hazırlanmasına mane olmağa çalışırdı. Buna baxmayaraq Heydər Əliyev yüzlərlə azərbaycanlı gəncləri SSRİ-nin digər şəhərlərində yerləşən Ali hərbi məktəblərində təhsil almağa göndərdi.
1993-cü ildə xalqın haqlı tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayırdı. AXC – Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda ordu başsız qalmışdı. Ermənistan ordusu demək olar ki, gündə bir kəndimizi işğal edirdi. Ordudakı hərc-mərclik, ovaxtki hakimiyyətdə olanların da etiraf etdikləri kimi fərarilik baş alıb gedirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra bütün ordu birləşmələrini vahid komandanlıq ətrafında birləşdirdi. O zamanlar ulu öndərin komandanlığı altında Füzuli istiqamətində uğurlu hərbi əməliyyatlar keçirildi və ərazilərimizin bir hissəsi işğaldan azad edildi.
1994-cü ildə ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra Azərbaycanda güclü ordu quruculuğuna başlanıldı. Silahlı qüvvələrimizin maddi texniki bazası yenidən quruldu, hərbiçilərimizin sosial vəziyyətinə xüsusi diqqət ayrıldı. Ordumuz müasir silahlarla təmin olunmağa başladı.
Ulu öndərin 1998-ci il 22 may tarixli sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan olundu və hər il bu tarıx rəsmi dövlət bayramı kimi qeyd edilməyə başladı. Bugünki güclü Azərbaycan Ordusunun yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ildə Heydər Əliyevin imzaladığı Fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı, 2001 ci ildə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbinin əsası qoyuldu. 2001-ci ildən Azərbaycan NATO-nun “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat ” planına qoşuldu. Beynəlxalq Sülhməramlı qüvvələrin tərkibində Azərbaycan hərbiçiləri İraqda, Kosovada, Əfqanıstanda xidmət keçməyə başladı”.
K.Əliyeva qeyd edib ki, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib:
“İlham Əliyevin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi mindən çox müdafiə və hücum təyinatlı məhsullar istehsal edir. Prezident cənab İlham Əliyev hər zaman Milli Ordumuzun Müdafiə qüdrətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılmasına böyük diqqət ayırır. Son illərdə Azərbaycanın hərbi sənaye kompleksində ən müasir və müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları istehsal edilir. Azərbaycanın öz zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Bu hərbi məhsullar Azərbaycan Ordusunu təmin etməklə yanaşı digər xarici ölkələrə də ixrac olunur. Eyni zamanda ölkəmiz bir çox dövlətlərlə müqavilələr imzalayaraq hərbi əməkdaşlıq əlaqələrini gücləndirir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır. “Qlobal Fire Power” mərkəzinin hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sıralarında yer alır. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır. Prezident cənab İlham Əliyev dayanıqlı, güclü iqtisadiyyatı olan bir dövlət qurdu. Məlumdur ki, güclü iqtisadiyyatı olan dövlətin ordusu da güclü olar. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı güclü iqtisadiyyatı və yenilməz ordusu olan bir dövlətə çevirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistan ordusunun təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl vı Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Bu, 2020-ci ildəki şanlı gələbəmizə aparan yolun başlanğıcı oldu. 2 il sonra 2018-ci ildə ordumuz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq hissəsini işğaldan azad edərək əlverişli mövqeləri ələ keçirdi. Ali Baş Komandan cənab İlham Əliyevin qurduğu bu ordu 44 günə Ermənistan ordusunu darmadağın etdi. 30 ilə yaxın işğal altında olan bütün torpaqlarımız işğaldan azad edildi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində gələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi.
Azərbaycan Ordusunun igid əsgər və zabitləri “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” da daxil olmaqla 15 yeni medalla təltif olunmuşdur. Bu şanlı gələbəmizdən sonra bütün dünya Azərbaycanın güclü Ordusundan danışdı. Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi taktikasını öyrənən Qərb və ABŞ Hərbi mərkəzləri heç bir dövlətin qoşunlarının Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini vurğulamışdır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsini vacib hesab ediblər.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni hərbi hissələr yaradıldı. Komando hərbi briqadalarının yaradılması ordumuzun hərbi güdrətinin, döyüş qabiliyyətinin artırılmasına böyük təkan oldu. Komando hərbi briqadalarının sayı hər il artırılır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü Milli Ordumuzun gücünü daha da artıracaq. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə keçirdiyi hərbi təlimlər ölkələrimizin ordularının döyüş qabiliyyətlərinin gücləndirilməsinə böyük təkan verir. Bununla yanaşı, Azərbaycan dövləti İsrail, Rusiya, Pakistan kimi dövlətlərdən ən müasir silahlar alır və ordumuzun istifadəsinə verir. Bu gün hər bir Azərbaycan gənci güclü, qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi şərəf hesab edir. 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün hərbiçilərimizi və ümumiyyətlə Azərbaycan xalqını təbrik edirəm”.
İsmayıl Bakuvi