Böyük dəlik, ətrafında isə çatlar əmələ gəlib…
Söhbət Sumqayıt şəhərinə 2-ci əsas girişdəki körpüdən gedir. Şəhəri Saray qəsəbəsi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olduğu bildirilir.
Bu yolla hər gün minlərlə avtomobil hərəkət edir. Sürücülər körpünün bu vəziyyətinin təhlükəli olduğunu deyirlər.
Yolda çökmələr olduğundan körpünün üzərində olan işıqforun fəaliyyəti dayandırılıb. Bu addım avtomobillərin körpünün üzəri ilə dayanmadan hərəkətini təmin etmək məqsədi ilə atılıb. Çünki avtomobillərin körpünün üzərində dayanması çökmə ilə nəticələnə bilər. Həmçinin altından dəmir yolu xətti keçdiyinə görə təhlükə ikiqat artır.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev “Xəzər Xəbər”ə bildirdi ki, məsələ aidiyyəti qurumların diqqət mərkəzindədir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib.
Körpünün əsaslı təmir olunması üçün müvafiq addımlar atılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: