Sarkisyan Fransaya getdi – Qarabağ müzakirə ediləcək

Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfərə gedib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan səfəri çərçivəsində Fransa prezidenti Fransua Olland, Senatın sədri Jerar Larşe, Parlament sədri Klod Bartoloni, Paris meri Ann İdalqo, həmçinin Frankofoni beynəlxalq təşkilatının baş katibi Mikael Janla görüşəcək.

Sarkisyan, həmçinin Liona baş çəkəcək və oranın meri Jerar Kolombi ilə görüş keçirəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılacağı gözlənilir.

Bundan əlavə erməni-fransız danışıqlarının yekununda yüksək səviyyədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi və ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanacaq. Sarkisyanın Parisdə Fransanın erməni icmalarının nümayəndələri, Avropanın işgüzar dairələri ilə görüşü də nəzərdə tutulub.

Yeniçağ.az