Sarkisyan Köçəryanla əvəzlənə bilər?


8206D7C6-FB11-4AC5-BE64-0994EAABE19D_cx3_cy6_cw98_mw1024_s_n_r1Elman Nəsirov: “Moskva üçün Ermənistanda kadrların yerinin dəyişdirilməsi indiki halda xüsusi əhəmiyyət kəsb etmir”

Rüstəm Məmmədov: “Hazırki situasiyada bu real deyil”

 Son dövrlər Azərbaycanın da Avrasiya İttifaqına qoşulması məsələsi ətrafında ciddi fikirlər səslənir. Bu sayak fikirlər daha da intensivləşib. Ermənistanı isə bu hal narahat etməyə başlayıb. Belə ki, onlar sözügedən qurumda Azərbaycanın aparıcı mövqelərdən birini tutacağından və ölkəmizin ora üzv olması müqabilində Ermənistanın Rusiyanın təhriki ilə işğal etdiyi bir çox rayonları azad edəcəyindən əndişələniblər.  Sarkisyan  rejimi bu halda ölkəsində ona qarşı daha ciddi narazılıqların baş alacağından qorxur.

Görəsən, Azərbaycanın Avrasiya İttifaqına qoşulacağı ilə bağlı fikirlərin gücləndiyi bir dövrdə, erməni cəmiyyətini razı salmaq üçün  Sarkisyanın Köçəryanla əvəzlənməsi, ikincinin yenidən qayıdışı nə dərəcədə realdır?

YENİCAG.AZ-a müsahibəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq  Elman Nəsirov bildirdi ki, Ermənistanda belə bir yerdəyişmənin olması hələlik Moskva üçün ciddi önəm daşımır: “Ermənistan heç istəməz ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olsun. Məsələ ondadır ki, bu reallaşarsa, erməni politoloqlarına görə, Rusiya Azərbaycan münasibətləri daha dinamik inkişaf tempinə malik ola bilər. Bu halda da Ermənistan autsayder statusuna enər, Rusiya ilə münasibətlərdə prioritet tərəf Azərbaycan olar. Ermənistan Rusiya strateji müttəfiqliyi formal xarakter daşıyar. Onlar bundan narahatdır. Amma Azərbaycan dövlətinin bu məsələdə konkret mövqeyi var. Bu da ondan ibarətdir ki, Azərbaycan inteqrasiya proseslərinə loyal yanaşır, amma ölkəmizin atdığı istənilən addımda əsas məsələ milli maraqların müdafiəsi məsələsidir. Milli maraqlara zərər gətirən proseslərdən Azərbaycan kənardadır. Milli maraqlara uyğun məqamlarda isə onu adekvat da addım atılır. Köçəryan hakimiyyəti də Rusiya ilə yaxın münasibətləri qoruyub saxlayıb, eyni zamanda,  forpost funksiyasını yerinə yetirib. Sarkisyan da eyni funksiyanı icra edir. Ona görə hesab edirəm ki, Moskva üçün Ermənistanda kadrların yerinin dəyişdirilməsi indiki halda xüsusi əhəmiyyət kəsb etmir. Rusiya Ermənistanın Avrasiya İttifaqı və Gömrük İttifaqına qoşulmasında maraqlı idi, Sarkisyan da bunu edib. Bu nöqteyi-nəzərdən Rusiyanın Sarkisyandan narazılıq etməsi üçün elə bir əsas yoxdur. Bu gün Ermənistanda müxalifətin əsas tələbi Sarkisyanın istefasıdır. Amma bu istefanın əvəzi olaraq, onlar Köçəryanın yenidən qayıdışı deyil, hakimiyyətə Qarabağ klanına aid olmayan insanın gəlməsində maraqlıdırlar. İpatetik baxımdan Sarkisyan hakimiyyətdən uzaqlaşdırılıb, yerinə Köçəryan gəlsə də belə, toplananların yerini dəyişəndə cəm dəyişmir.  Ermənistanda bu halda da həmin siyasət qorunub saxlanılacaq. Əsas məsələ Rusiyanın mövqeyilə bağlıdır”.

Siyasi şərhçi, professor Rüstəm Məmmədovun cavabı isə qısa oldu: “Hazırki situasiyada Sarkisyanın istefaya göndərilərək, Köçəryanın yenidən qayıdışı real deyil. Bununla heç nə dəyişmir və prosesin gedişinə heç nə verməyəcək”.

Rüfət\YENİCAG.AZ8206D7C6-FB11-4AC5-BE64-0994EAABE19D_cx3_cy6_cw98_mw1024_s_n_r1