Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzaladıqdan sonra İrəvanda Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq çağırışları intensivləşib.
Yenicag.az xəbər verir ki, yerli medianın məlumatına görə, Ermənistan parlamentindəki “Elk” fraksiyası “Avrasiya İqtisadi İttifaqı üzrə Müqavilənin Ermənistan Respublikasına dair müddəasının qüvvədən düşməsi haqqında” qanun layihəsi irəli sürüb.
Bu təşəbbüsü şərh edən fraksiyanın deputatı Edmon Marukyan bildirib ki, Ermənistanın Aİİ-də qalması artıq ölkənin siyasi-iqtisadi maraqlarına uyğun gəlmir və ona görə də sözügedən İttifağı tərk etmək zərurətə çevrilib.
“Elk” fraksiyasının bu təşəbbüsü əslində, Ermənistanın cinayətkar hakimiyyətinin növbəti siyasi blefi kimi qiymətləndirilə bilər. Aydın məsələdir ki, Ermənistan özünün mövcudluğunun birbaşa təminatı olan Rusiya ilə bağları qoparmasının onun üçün hansı fəlakətlə nəticələnəcəyini tam ciddiliyi ilə dərk edir.
Bu mövzunu Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistanda irəli sürülən analoji təşəbbüslərə baxmayaraq, İrəvanın Aİİ-dən çıxacağı gözlənilmir:
“Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilməz. Çünki o bu addımı atarsa, hamisi olan Rusiya onu çox sərt şəkildə cəzalandıra bilər. Başqa bir tərəfdən, Ermənistanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində imzaladığı saziş elə də ciddi sənəd deyil.
İrəvan assosiativ üzvlük haqqında sənədə imza atardısa, bu, Moskvanın ciddi qəzəbinə səbəb olardı. Ona görə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasıyla bağlı parlamentdə keçiriləcək müzakirələr hələlik formal xarakter daşıyır və bütövlükdə proseslərə təsir etmək gücündə deyil”.
Politoloq Zərdüşt Əlizadə də Yenicag.az-a açıqlamasında Moskvanın təsiri altında olan işğalçı Ermənistanın Aİİ-dən çıxacağını düşünmədiyini deyib:
“Ermənistan deputatlarının ölkənin Aİİ-dən çıxması ilə bağlı məsələni qaldırması siyasi məzhəkəçilikdən başqa bir şey deyil. Bütün sorğular göstərir ki, Ermənistan əhalisinin 90 faizi ölkələrinin gələcəyini Rusiya ilə birgəlikdə görür.
Çünki yaxşı bilirlər ki, Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana verən məhz Moskvadır. Belədə, Qarabağı əllərində saxlamaq üçün Rusiya ilə yaxın olmağa məcburdurlar.
Parlamentdə bu fonda sözügedən məsələni qaldırmaları isə siyasi oyundur. Ermənilərin bu addımı “stəkanda fırtına qoparmağa” bənzəyir. Bununla guya həm Rusiya, həm də Avropadan nələrsə qoparmağa çalışırlar.
Ermənistan əslində arxaik, əhalisi orta əsr meyarları ilə düşünən barbar ölkədir. Belə bir dövlət heç zaman Avropaya gedə bilməz. Avropa onları heç qəbul da etməyəcək. Rusiya isə Ermənistanla Azərbaycanı Qarabağ “qəfəs”inə salaraq qapısını bağlayıb. Ermənistan heç vaxt Qarabağa görə Aİİ-dən və KTMT-dən çıxmayacaq. Bu sadəcə siyasi boşboğazlıq və xalqı aldatmaqdır”.
ELÇİN